"Green Card" qeydiyyatı dekabra qala bilər? – Xarici mənbələr son vəziyyəti açıqladı
ABŞ-də "Green Card" lotereyasının (DV-2027) qeydiyyat tarixinin nə vaxt açıqlanacağı hələ də məlum deyil. Xarici hüquq və miqrasiya mənbələri prosesin məhkəmə mübahisələri səbəbindən qeyri-müəyyən vəziyyətdə qaldığını bildirir.
Qeydiyyatın dekabrda başlayacağı ilə bağlı isə hələlik rəsmi məlumat və təsdiqlənmiş proqnoz yoxdur.
Sfera.az xəbər verir ki, ABŞ-nin Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi oktyabrın 29-da aşağı instansiya məhkəməsinin DV-2027 qeydiyyatının açılması ilə bağlı qərarını müvəqqəti dayandırıb. Bundan əvvəl Kaliforniyadakı federal məhkəmə Dövlət Departamentinə qeydiyyat tarixlərini oktyabrın 29-dək elan etməyi, müraciətləri isə noyabrın 1-dən qəbul etməyi tapşırmışdı.
Apellyasiya məhkəməsinin qərarından sonra həmin tarixlər qüvvəsini itirib. Beləliklə, qeydiyyatın noyabrın 1-də başlaması ilə bağlı gözləntilər özünü doğrultmayıb.
Miqrasiya məsələləri üzrə ixtisaslaşmış “Fragomen” hüquq şirkətinin oktyabrın 30-da yaydığı açıqlamada bildirilir ki, DV-2027 proqramı ilə bağlı məhkəmə prosesi davam etdiyi müddətdə lotereyanın qeydiyyatı açılmaya bilər. Şirkət iddiaçı tərəfin apellyasiya məhkəməsinin qərarına yenidən baxılması üçün müraciət edə biləcəyini də qeyd edir.
“Immigration Advice Service”in noyabrın 1-də yenilənən məlumatında da qeydiyyatın başlaması üçün yeni tarixin açıqlanmadığı vurğulanır. Mənbənin yazdığına görə, məhkəmənin son qərarı lotereyanın ləğv edilməsi demək deyil, sadəcə əvvəlki məhkəmə qərarının icrasını apellyasiya prosesi başa çatana qədər dayandırır.
Bəs qeydiyyat dekabrda başlaya bilərmi?
Mövcud məlumatlar dekabr ayını mümkün variantlardan biri kimi nəzərdən keçirməyə imkan versə də, bu tarixə dair konkret hüquqi və ya rəsmi əsas yoxdur. Qeydiyyatın nə vaxt açılacağı məhkəmə prosesinin gedişindən və ABŞ Dövlət Departamentinin növbəti qərarından asılı olacaq.
Burada bir məqamı da dəqiqləşdirmək lazımdır: aşağı instansiya məhkəməsinin əvvəlki qərarında dekabrın 3-ü seçilmiş şəxslərin elan edilməsi üçün son tarix kimi göstərilmişdi. Bu, qeydiyyatın dekabrda başlayacağı anlamına gəlmirdi. Həmin qərarın icrası da apellyasiya məhkəməsi tərəfindən dayandırılıb.
ABŞ Dövlət Departamenti 2025-ci il noyabrın 5-də DV-2027 qeydiyyat prosesində dəyişikliklər edildiyini və başlanma tarixinin daha sonra elan olunacağını bildirmişdi. Lakin indiyədək yeni tarix açıqlanmayıb.
Hazırda müraciət etmək istəyənlərə yalnız ABŞ Dövlət Departamentinin rəsmi elanlarını izləmək tövsiyə olunur. Qeydiyyat açılmadan müraciət qəbul etdiyini iddia edən saytlara və şəxslərə etibar etmək risklidir.
Fatimə
Sfera.az






