7,8 milyard manatlıq sosial ödəniş – Ən çox pulu kimlər alıb?
Azərbaycanda bu ilin ilk 9 ayında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard 871 milyon manat vəsait ödənilib.
Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 697 milyon manat və ya 10 faiz çoxdur.
Bəs ayrılan vəsaitin əsas hissəsi hansı sosial qruplara çatıb?
Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilib.
Ödənişlərin bölgüsünə nəzər saldıqda məlum olur ki, ən böyük məbləğ əmək pensiyalarına yönəldilib. Belə ki, yanvar-sentyabr aylarında pensiyaların ödənilməsinə 5 milyard 874 milyon manat xərclənib. Bu, ümumi sosial ödənişlərin təxminən 74,6 faizini təşkil edir.
Müavinətlər üzrə 1 milyard 83 milyon manat, sosial müavinət və Prezident təqaüdləri üzrə ayrıca açıqlanan göstəricilərə əsasən 1 milyard 692 milyon manat ödəniş həyata keçirilib. Ünvanlı dövlət sosial yardımı alan ailələrə isə 305 milyon manat vəsait ayrılıb.
Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, pensiyaların orta aylıq məbləği oktyabrın 1-nə 596 manata, yaşa görə orta aylıq pensiya isə 634 manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə orta aylıq pensiya 10 faiz artıb.
Müavinət və Prezident təqaüdləri üzrə isə yanvar-sentyabr aylarında 1 milyon 129 min şəxsə ümumilikdə 1 milyard 692 milyon manat ödənilib. Onlardan 521 min nəfərə müavinət, 408 min nəfərə Prezident təqaüdü, 200 min nəfərə isə sosial sığorta hesabına müavinət verilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il yanvarın 1-nə ölkədə 1 milyon 98,9 min pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10,7 faizini təşkil edib.
Beləliklə, sosial ödənişlərin əsas yükü pensiya təminatının üzərinə düşür. Bununla yanaşı, əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları və digər sosial kateqoriyalara aid vətəndaşlar da müxtəlif müavinət və təqaüdlərlə təmin olunurlar.
Fatimə
Sfera.az






