Logo

Çorablardan çıxan "sürpriz": Peruda hamını təəccübləndirən əməliyyat

Çorablardan çıxan "sürpriz": Peruda hamını təəccübləndirən əməliyyat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Perunun paytaxtı Limada yerləşən Xorxe Çaves Beynəlxalq Hava Limanında həyata keçirilən yoxlamalar zamanı külli miqdarda canlı hörümçək və tarantulanın ölkədən qanunsuz çıxarılmasının qarşısı alınıb.

Sfera.az xəbər verir ki, hadisə noyabrın 3-də Almaniyaya uçmağa hazırlaşan üç sərnişinin baqajına baxış zamanı aşkar edilib.

Peru hüquq-mühafizə orqanlarının məlumatına görə, iki Almaniya və bir Polşa vətəndaşının çamadanlarında plastik qablara yerləşdirilmiş yetkin tarantulalar, yeni yumurtadan çıxmış hörümçəklər və 3 mindən çox hörümçək yumurtası aşkarlanıb.

Məlum olub ki, canlılar çorabların içərisində gizlədilərək daşınmaq istənilib. Hətta hər bir çorabın üzərində içərisindəki hörümçək növünün adı qeyd olunub. Perunun Milli Meşə və Vəhşi Təbiət Xidməti (SERFOR) tərəfindən aparılan ilkin araşdırmalar zamanı müsadirə edilən canlıların ölkənin Junin, Loreto, Kaxamarka, Kusko və La-Libertad bölgələrindən toplandığı müəyyən edilib.

Mütəxəssislərin diqqətini çəkən məqamlardan biri isə aşkarlanan nümunələr arasında elmi ictimaiyyət tərəfindən hələ rəsmi şəkildə təsvir edilməmiş tarantula növlərinin də olmasıdır. SERFOR əməkdaşı Kora Suaresin bildirdiyinə görə, ələ keçirilən nümunələr arasında "Pamphobeteus", "Thrixopelma", "Antikuna" və "Avicularia" cinslərinə aid hörümçəklər var.

Xüsusilə "Pamphobeteus" növü diqqət çəkir. Cənubi Amerikanın ən iri tarantulalarından biri hesab edilən bu növün ayaqlarının uzunluğu 25 santimetrə qədər çata bilir. Sözügedən növ Peru qanunvericiliyinə əsasən qorunan və nəsli təhlükə altında olan canlılar sırasındadır.

Əməliyyat SERFOR-un qaynar xəttinə daxil olan anonim məlumat əsasında həyata keçirilib. Saxlanılan şəxslərdən ən azı birinin tarantulalar üzrə ixtisaslaşmış alim və ya tədqiqatçı ola biləcəyi ehtimal edilir. İstintaq orqanları canlıların ekzotik heyvan ticarəti, kolleksiyaçılar və ya elmi araşdırmalar məqsədilə ölkədən çıxarılmağa hazırlandığını araşdırır.

Peruda müvafiq icazə olmadan vəhşi təbiətdən heyvanların toplanması ciddi cinayət hesab olunur. Qanunsuz heyvan alverinə görə 3 ildən 5 ilədək, qorunan növlərlə bağlı hallarda isə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Hazırda hadisə ilə bağlı araşdırma davam edir. Şübhəlilərin məsuliyyətə cəlb olunması məsələsinə hüquqi qiymət istintaqın nəticələrindən sonra veriləcək.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR