Tramp: İrana yenidən zərbə endirə bilər

ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazındakı radar və raket imkanlarını yenidən bərpa etməsinin qarşısını almaq üçün ölkəyə məhdud zərbələr endirilməsi variantını nəzərdən keçirdiyi iddia olunur.
Sfera.az xəbər verir ki, ABŞ-ın “Axios” xəbər platformasına danışan üç amerikalı rəsmi bildirib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında gəmiləri daha dəqiq hədəfə almaq üçün radar, hava hücumundan müdafiə və gəmiəleyhinə raket imkanlarını yenidən qurmasından narahatdır.
İddialara görə, CENTCOM neft tankerlərinin təhlükəsiz keçidini təmin etmək məqsədilə İrana müəyyən aralıqlarla məhdud zərbələr endirilməsinin lazım ola biləcəyini ABŞ müdafiə naziri Pit Heqsetə, Baş Qərargah rəisi Den Keynə və Ağ Evə çatdırıb.
Rəsmilər Heqsetin İranın radar və raket imkanlarını bərpa etməsinin qarşısını almaq üçün CENTCOM tərəfindən hazırlanan hücum planını dəstəklədiyini və planın Trampın təsdiqinə təqdim edildiyini bildiriblər.
Məlumata görə, Tramp həftəsonu baş verən qarşılıqlı hücumlardan əvvəl planı təsdiqləməyib. Lakin son gərginlikdən sonra ABŞ prezidentinin İrana məhdud zərbələr endirilməsini nəzərdə tutan planı yenidən nəzərdən keçirdiyi iddia edilir.
Qeyd edək ki, ABŞ ordusu avqustun 30-na keçən gecə Hörmüz boğazı yaxınlığındakı Lark adasına iki zərbə endirib. Hücum nəticəsində aralarında mülki şəxslərin də olduğu ən azı iki nəfərin öldüyü, iki nəfərin isə yaralandığı bildirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə buna cavab olaraq İordaniyada ABŞ qüvvələrinin istifadə etdiyi Muvaffaq Salti və Kral Hüseyn hava bazalarının ballistik raketlərlə vurulduğunu açıqlayıb.
Mənsumə






