Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Oxu.Az-ın baş redaktoru Ülvi Səfərov yazır...
Prezident İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və sıx iş qrafiki səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Bu qərara diplomatik münasibətlərin təcrübəsi və qarşılıqlılıq prinsipi kontekstində baxmaq maraqlıdır. Yaxın keçmişdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə Türkiyənin təmsilçiliyi ilə bağlı bir neçə nümunə var. Həmin faktları yanaşı qoyduqda tərəflərin bir-birinin gündəliyinə münasibəti barədə daha aydın mənzərə yaranır.
2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin toplantıda iştirak etmədi. Türkiyəni vitse-prezident Cövdət Yılmaz təmsil etdi. Ərdoğan isə həmin gün Berlində Türkiyə və Niderland milli komandaları arasında futbol üzrə Avropa çempionatının dörddəbir final qarşılaşmasını izləyirdi. Qeyd edək ki, Şuşa sammiti Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyırdı. Türk dövlətlərinin rəhbərləri işğaldan azad edilmiş şəhərdə bir araya gəlmişdilər. Bu toplantı Türk dünyasının əməkdaşlıq gündəliyini Qarabağa gətirən, Şuşanı ortaq siyasi yaddaşda daha da möhkəmləndirən hadisə idi. Türkiyə rəhbərliyi həmin gün öz proqramına uyğun seçim etdi. Prezident milli komandasının qarşılaşmasında iştirak etdi, vitse-prezident isə Şuşadakı sammitə qatıldı. Beləliklə, Ankaranın hər iki tədbirlə bağlı proqramı həyata keçirildi.

Qeyd edilən fakt bugünkü qərarla bağlı diqqətəlayiq bir paralel yaradır. İki il əvvəl Türkiyə Prezidenti futbol üzrə Avropa çempionatının qarşılaşmasını izləyərkən ölkəsini TDT sammitində vitse-prezident təmsil edirdi. Bu dəfə Azərbaycan Prezidenti Bakıda beynəlxalq yarışın finalçılarını mükafatlandıracaq, TDT-nin Zirvə görüşünə isə xarici işlər naziri qatılacaq. Hər iki halda dövlət başçısının proqramı və ölkənin sammitdə təmsilçiliyi ayrıca müəyyənləşdirilib. Diplomatik münasibətlərdə belə qərarlar qəbul olunur və tərəflər öz gündəliklərini bu qaydada uzlaşdırırlar.
Sonrakı dövrdə də oxşar təmsilçilik nümunələri olub. 2026-cı ilin mayında Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunun açılışında Türkiyə Prezidenti adından ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iştirak edib. Türkiyə tərəfinin rəsmi məlumatında onun Ərdoğanı təmsil etdiyi göstərilib. Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin - CICA-nın VII Zirvə görüşünə də Türkiyə Prezidenti şəxsən qatılmayıb. Türkiyəni onun adından xarici işlər naziri Hakan Fidan təmsil edib. Bu barədə Türkiyə XİN əvvəlcədən məlumat yayıb.
Beləliklə, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə Türkiyə öz iş proqramına uyğun təmsilçilik səviyyəsi müəyyənləşdirib. Bu qərarlar ikitərəfli münasibətlərin davam etdiyi, birgə gündəliyin həyata keçirildiyi şəraitdə qəbul olunub. Burada qarşılıqlılıq prinsipinin mahiyyəti üzə çıxır. Tərəflərin bir-birinin proqramına göstərdiyi diqqət və anlayış münasibətlərin gündəlik keyfiyyətini müəyyənləşdirir. Dövlət başçısının vaxtı, əvvəlcədən götürülmüş öhdəlikləri və iştirakının planlaşdırıldığı tədbirlər qarşı tərəfin də nəzərə aldığı amillərdir. Azərbaycan-Türkiyə münasibətlərində bu anlayışın qarşılıqlı olması təbiidir. Hər iki ölkənin sıx diplomatik gündəliyi, ev sahibliyi etdiyi beynəlxalq tədbirlər və yerinə yetirməli olduğu proqramlar var. Təmsilçiliklə bağlı qərarlar da həmin gündəliyin bir hissəsidir. Dövlət başçılarının xaricdə keçirilən tədbirlərdə iştirakına müxtəlif obyektiv və subyektiv amillər təsir edə bilər. İş qrafiki, əvvəlcədən razılaşdırılmış proqram, ölkə daxilindəki tədbirlər və digər öhdəliklər bu qərarların qəbulunda rol oynayır. Diplomatiyada həmin şəraitə göstərilən anlayışın qarşılıqlı olması münasibətlərə ardıcıllıq və tarazlıq gətirir.
Qardaşlıq münasibətlərinin praktik tərəfi məhz belə məqamlarda görünür. Bir-birinin proqramlarını nəzərə almaq, qəbul edilmiş qərara hörmətlə yanaşmaq, ortaq işi müxtəlif səviyyələrdə davam etdirmək siyasi yaxınlığın gündəlik ifadəsidir. Bakının hazırkı proqramında isə mühüm beynəlxalq yarışın yekunu yer alır. Oktyabrın 24-də Azərbaycanda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı başlayıb. Oktyabrın 30-da başa çatacaq tədbir, FIFA-nın məlumatına görə, 189 üzv assosiasiyanı bir araya gətirir. Bu miqyasda tədbirə ev sahibliyi təşkilati işlə yanaşı, ölkənin beynəlxalq təqdimatı baxımından da əhəmiyyətlidir. Dünyanın müxtəlif yerlərindən gələn iştirakçılar, nümayəndə heyətləri və futbol qurumları üçün Azərbaycan bütöv proqramın ev sahibidir. Yarışın açılışından yekun mərasiminədək həmin proqramın uğurla həyata keçirilməsi təşkilatçılığın əsas hissəsidir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 24-də FIFA Prezidenti Canni İnfantinonun da qatıldığı açılış mərasimində iştirak ediblər. Finalçıların mükafatlandırılması həmin tədbirin yekun proqramına daxildir və dövlət başçısının bu mərasimdə iştirakı əvvəlcədən planlaşdırılıb. Türkiyədə keçiriləcək sammitdə isə Azərbaycanın mövqeyini xarici işlər naziri təqdim edəcək. Dövlət başçısının tapşırığı ilə müəyyənləşdirilmiş bu təmsilçilik təşkilat çərçivəsində siyasi dialoqun və işin davamını təmin edir. Digər Azərbaycan nümayəndələri də sammit çərçivəsində müvafiq tədbirlərə qatılacaqlar.
Azərbaycanın TDT-dəki fəaliyyəti geniş və davamlı gündəliyə əsaslanır. Ölkəmiz təşkilatın qurucu üzvlərindəndir. Onun əsasını qoyan Naxçıvan Sazişi 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən imzalanıb. Türk dövlətlərinin əməkdaşlığının institusional əsaslarının Azərbaycanda yaradılması ölkəmizin bu prosesdəki yerini göstərən mühüm tarixi faktdır. Sonrakı illərdə Azərbaycan təşkilatın inkişafına, fəaliyyətinin genişlənməsinə və üzvlər arasında əlaqələrin möhkəmlənməsinə töhfə verib. Bakıda keçirilən zirvə görüşləri, Şuşa sammiti və Qarabağ Bəyannaməsi bu fəaliyyətin konkret nəticələridir.
Azərbaycanın yanaşmasında təşkilatın praktik imkanlarının artırılması mühüm yer tutur. Türk dövlətləri arasında ticarətin genişlənməsi, nəqliyyat bağlantılarının inkişafı, siyasi koordinasiyanın güclənməsi və humanitar əlaqələrin dərinləşməsi uzunmüddətli iş tələb edir. Sammitlər bu işə istiqamət verir, qəbul olunan qərarların həyata keçirilməsi isə davamlı əməkdaşlıq vasitəsilə təmin olunur. Təşkilatın gələcək çəkisi də ortaq layihələrin nəticələrindən, üzvlərin bir-birinin imkanlarından nə dərəcədə faydalanmasından və razılaşdırılmış təşəbbüslərin icrasından asılı olacaq. Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirəcək. TDT-nin güclənməsi və daha təsirli əməkdaşlıq platformasına çevrilməsi ölkəmizin ardıcıl dəstəklədiyi məqsəddir.
Bugünkü qərara da həmin geniş mənzərənin içindən baxmaq lazımdır. Bakıda əvvəlcədən planlaşdırılmış beynəlxalq tədbirin yekun mərasimi keçirilir, Türkiyədəki sammitdə Azərbaycanın təmsilçiliyi təmin olunur, təşkilat daxilində fəaliyyət davam edir. Şuşadan bu günə qədər olan təcrübə bir məqamı aydın göstərir: tərəflər öz proqramlarına uyğun qərarlar verir, əməkdaşlığı müxtəlif səviyyələrdə davam etdirirlər. Bu münasibətlərin sağlamlığı həmin qərarlara göstərilən qarşılıqlı anlayışda da ifadə olunur.
Diplomatiyada qarşılıqlılıq yaddaşı, ardıcıllığı və bərabər münasibəti tələb edir. Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmliyi də tərəflərin bir-birinin gündəliyinə eyni diqqət və hörmətlə yanaşması ilə daha da güclənir.






