İran ABŞ-yə necə zərbə vura bilər? - AÇIQLAMA

İran ABŞ-yə necə zərbə vura bilər? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Sanksiya təzyiqləri artsa, İran ABŞ-nin Yaxın Şərqdəki iqtisadi maraqlarına zərər vura bilər.

Belə bir xəbərdarlıqla İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai çıxış edib. "ABŞ İrana iqtisadi təzyiqi artırarsa, biz Amerikanın regiondakı maraqlarına təsir edəcək əks tədbirlərlə cavab verəcəyik", - deyə o, Livanın "Al Manar" telekanalına müsahibəsində deyib. Bununla belə, M.Rezai söhbətin hansı əks tədbirlərdən getdiyini açıqlamayıb.

M.Rezainin fikrincə, ABŞ-nin Tehrana iqtisadi təzyiqə keçməsi münaqişənin həllinə hərbi yanaşmanın məhdud nəticələr verdiyini göstərir. Bəs İran ABŞ-nin sanksiyaların qarşı hansı tutarlı cavab addımı ata bilər?

Sfera.az-a bu haqda açıqlama verən politoloq Elçin Xalidbəylinin fikrincə, İranın Amerika Birləşmiş Ştatlarına yönəlik bu təhdidləri əslində o qədər də effektiv xarakter daşımır:

“Çünki İran Amerika Birləşmiş Ştatlarının iqtisadi maraqlarına zərbə vurmaq imkanlarına malik deyil. Müəyyən problemlər yarada bilər, ancaq bu problemlər böyük zərər verəcək səviyyədə görünmür. İndiyə qədər İran Amerika Birləşmiş Ştatlarının sanksiyalarına və hərbi zərbələrinə qarşılıq olaraq ABŞ-nin Yaxın Şərq regionundakı tərəfdaşlarına, müttəfiqlərinə zərbələr endirirdi. Ancaq artıq rəsmi Tehran anlayır ki, bu zərbələr gözlənilən effekti vermir. Amerika Birləşmiş Ştatlarının İrana qarşı təzyiqləri isə daha da dərinləşir və sərtləşir”.

Ekspert İran tərəfindən edilən açıqlamaların əsas məqsədinin xalqa inandırıcı mesaj vermək olduğunu bildirib:

“Tramp bəyan edib ki, İrana qarşı böyük iqtisadi savaş açılıb və bu, İranın iqtisadi-ticari sistemini tamamilə darmadağın edə bilər. Ona görə də hazırda İranda ciddi narahatlıq var və bundan çıxış yolları axtarılır. Verilən bəyanat da böyük ehtimalla İranın daxili auditoriyasına hesablanıb. Yəni İran əhalisinə mesaj verilir ki, rəsmi Tehran Amerika Birləşmiş Ştatlarının atdığı addımları qətiyyən cavabsız qoymur. Ancaq atılan və yaxud atılacaq addımlar indiki mərhələdə Amerika Birləşmiş Ştatları üçün o qədər də təhlükəli xarakter daşımır.

Ola bilsin ki, Amerika Birləşmiş Ştatlarına aid bəzi şirkətlərin Yaxın Şərq ölkələrindəki obyektlərinə hansısa zərbələr endirilsin. Ancaq belə zərbələr ümumi götürdükdə Amerika Birləşmiş Ştatlarına və ya onun iqtisadi maraqlarına sarsıdıcı zərbə xarakteri daşıya bilməz. Əksinə, Amerika şirkətlərinin Yaxın Şərqdəki fəaliyyəti dinc məqsədlidir, yəni biznes məzmunu daşıyır. Belə obyektlərə zərbələrin endirilməsi isə mülki şəxslərə ziyan vurmaq xarakteri daşıyır. Bu da İranın qlobal məkandakı imicinə bumeranq effekti verə bilər. Bu baxımdan hesab etmək olar ki, hələlik situasiya, böyük ehtimalla, ABŞ-dəki aralıq seçkilərinə qədər qarşılıqlı ittihamlar və qarşılıqlı təhdidlər şəraitində davam edəcək”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR