"Bu xidmət onlara pulsuz olsun"
Milli Məclisdə pulsuz hüquqi yardım mexanizminin təkmilləşdirilməsi, bu xidmətdən yararlana biləcək şəxslərin müəyyənləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Sfera.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb. Deputat bildirib ki, pulsuz hüquqi yardımın göstərilməsində əsas meyar insanların maddi vəziyyəti və bu xidmətə ehtiyacının olub-olmaması olmalıdır.
Onun sözlərinə görə, bu sahədəki yükün tamamilə dövlətin üzərinə düşməməsi üçün digər mexanizmlər də nəzərdən keçirilməlidir:
“Birinci növbədə, bu məsələ keyfiyyət meyarlarına əsasən müəyyənləşdirilməlidir. Çünki adətən bu ölkələrdə vəkillər birlikləri daha güclü olur və yüksək gəlir əldə edirlər. Həmin gəlirin müəyyən hissəsini pulsuz hüquqi xidmətlərin göstərilməsinə yönəldirlər. Beləliklə, bu sahədəki yük tamamilə dövlətin üzərinə düşmür. Eyni zamanda, bələdiyyələr geniş səlahiyyətlərə malik olur, müxtəlif gəlir mənbələrindən vəsait əldə edirlər. Məsələn, şəhid ailələrinə və qəhrəmanlara ictimai nəqliyyatdan pulsuz istifadə hüququ verə bilirlər. Biz öz reallığımızı nəzərə alaraq məsələyə elə yanaşmalı, elə qanun qəbul etməliyik ki, bu, insanların həqiqətən də hüquqi xidmət almasına kömək etsin. Vəkillər Kollegiyası onsuz da bu istiqamətdə ciddi iş aparır, genişmiqyaslı humanist aksiyalar keçirir. Xüsusilə vəkillərin sayının artması müəyyən dərəcədə bu sahədəki problemlərin azalmasına səbəb olub. Pulsuz hüquqi yardımın müxtəlif təbəqələrə, o cümlədən şəhid ailələrinə və digər şəxslərə göstərilməsi də təmin edilir”.
Parlamentari pulsuz hüquqi yardımın kimlərə şamil olunmasını açıqlayıb:
“Dövlətin ayırdığı vəsait hesabına pulsuz hüquqi yardımın həyata keçirilməsi müsbət addımdır və mən bunu dəstəkləyirəm. Lakin əsas sual budur: bu xidmət bütün ehtiyacı olan insanları əhatə edə biləcəkmi? Bu suala cavab verməliyik. Burada şəhid ailələri, müharibə veteranları və digər kateqoriyalar üzrə təsnifat aparılıb. Ancaq mən hesab edirəm ki, bölgü daha çox insanların maddi imkanlarının olub-olmaması əsasında aparılmalıdır. Bunun üçün meyar minimum əməkhaqqı ola bilər. Hazırda minimum əməkhaqqı 400 manatdır. Məsələn, 400 manatdan aşağı gəliri olan bütün vətəndaşlara bu xidmətin şamil edilməsi daha doğru olar. İnsanları yalnız müəyyən kateqoriyalara bölmək düzgün yanaşma deyil. Elə müharibə veteranı var ki, obyekti və oradan yüksək gəliri var, elə insan da var ki, sosial təminat ala bilmir, ailəsinə cəmi 100-200 manat vəsait daxil olur. Təbii ki, sonuncunun hüquqi yardıma daha çox ehtiyacı var. Ona görə də qanunun tətbiqində əsas meyar ehtiyacı olan insanların müəyyənləşdirilməsi olmalıdır”.
Deputat başqa ölkələrin də hüquqi yardımla bağıı nümunələrini misal çəkib:
“Məsələn, bəzi ölkələrdə paralel hüquqi yardım mexanizmi tətbiq olunur. Bu zaman hüquq təhsili olan, lakin Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər də müəyyən hüquqi xidmətlər göstərə bilirlər. Əvvəllər bizdə də nümayəndəlik institutu mövcud idi. Peşəkar hüquqi xidmətin təmin edilməsi məqsədilə bu institut aradan qaldırıldı. Ona görə də təklif edərdim ki, ilkin hüquqi xidmətlə peşəkar hüquqi xidmət arasında fərqi məhz bu qanun vasitəsilə müəyyənləşdirək. Qanun daha çox ilkin hüquqi xidmətin göstərilməsinə yönəlsin. Elə insanlar var ki, əvvəllər nümayəndə kimi öz qohumunun, yaxın adamının köməyindən pulsuz istifadə edirdi. İndi isə bu xidmət pullu və bahalı olduğuna, maddi imkanları çatmadığına görə məhkəməyə müraciət etməkdən çəkinir, hətta bundan imtina edir. Nəticədə hüquqlarını müdafiə edə bilmir. Biz bu addımı daha çox həmin kateqoriyadan olan insanların gələcəyini nəzərə alaraq atmalıyıq.
Probasiya məsələsində də əslində düzgün mexanizm müəyyən edilib. Burada müəyyən mənəvi məsuliyyətlə yanaşı, maddi öhdəlik də nəzərdə tutulur. Şəxs 18 manat ödəməlidir və bu xidmətə borc kimi yanaşmalıdır. Öhdəliyi yerinə yetirmədiyi halda müəyyən ictimai qınaqla da qarşılaşa bilər. Bütövlükdə hesab edirəm ki, pulsuz hüquqi yardım mexanizmini keyfiyyətli sistemə çevirmək üçün bu xidmətin kimlərə göstəriləcəyini dəqiq müəyyənləşdirməliyik. Əsas məsələ xidmətin daha çox ehtiyacı olan insanlara çatdırılması və bunun dövlətin yükünü azaltmasıdır. Məsələn, sosial müavinət almaq istəyən elə insanlar var ki, torpaq sahəsi olduğu üçün yoxsulluq meyarına uyğun gəlmir. Halbuki onların evinə faktiki olaraq heç bir gəlir daxil olmur. Buna görə də insanların kateqoriyalara bölünməsi qaydasının müəyyən qədər dəyişdirilməsini daha düzgün hesab edirəm.
Minimum əməkhaqqı meyarı əsasında, ayrıca imtiyazlar müəyyənləşdirilmədən, ehtiyacı olan şəxslərə hüquqi xidmət göstərilməsi mümkündür. Eyni zamanda, bütün kateqoriyadan olan insanlara öz yaxınlarının nümayəndəliyindən istifadə etmək imkanı yaradılmalıdır. Bu xidmət mütləq dövlət büdcəsindən maliyyələşdirilməməlidir. Hüquq təhsili olan, kömək edə biləcək qohumu və ya yaxın adamı varsa, ilkin hüquqi xidməti həmin şəxs göstərə bilsin. Dövlət büdcəsindən isə zəruri hallarda vəsait ayrılmalı, hüquqi yardım üçün nəzərdə tutulan maliyyələşmənin həcmi artırılmalıdır ki, bu sahədə çalışan mütəxəssislər daha keyfiyyətli xidmət göstərə bilsinlər”.
Bəsti Rəfizadə
Sfera.az






