Bu idman növü ömrü 9,7 il uzada bilər
Mütəmadi tennis oynamaq daha uzun ömürlə əlaqələndirilir. Araşdırmalara görə, bu idman növü ilə məşğul olan insanlar fiziki aktivliyi az olan şəxslərlə müqayisədə orta hesabla 9,7 il daha çox yaşaya bilər.
Sfera.az xəbər verir ki, bu barədə “Men Today” nəşri məlumat yayıb.
Danimarkada aparılan araşdırmanın nəticələrinə əsasən, tennis oynayanların ömür uzunluğu hərəkətsiz həyat tərzi keçirənlərlə müqayisədə daha yüksəkdir. Bununla belə, mütəxəssislər bu göstəricinin birbaşa tennisin ömrü 9,7 il uzatması anlamına gəlmədiyini, statistik əlaqəni əks etdirdiyini vurğulayırlar.
Böyük Britaniyada aparılan başqa bir tədqiqatda isə tennis, badminton və skvoş kimi raketka idman növləri ilə məşğul olan şəxslərdə ölüm riski araşdırılıb. Nəticələrə görə, bu idman növləri ilə məşğul olanlarda bütün səbəblərdən ölüm riski 47 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 56 faiz daha aşağı olub.
Tennisin sağlamlığa faydası onun bir neçə fiziki və zehni xüsusiyyəti özündə birləşdirməsi ilə izah edilir. Oyun zamanı qısa və intensiv hərəkətlər fasilələrlə növbələşir. Bu isə həm dözümlülüyün, həm də ürək-damar sisteminin fəaliyyətinin yaxşılaşmasına kömək edə bilər.
Bundan başqa, tennis sürətli qərarvermə, diqqət və reaksiya tələb edir. Rəqiblə və ya komanda yoldaşı ilə ünsiyyət isə sosial aktivliyi artırır. Beləliklə, bu idman növü təkcə fiziki deyil, həm də zehni aktivliyə töhfə verir.
Qeyd edək ki, daha əvvəl Harvard Universitetinin alimləri də uzunömürlülüklə əlaqəli fiziki fəaliyyət növlərini araşdırıblar. 30 il davam edən genişmiqyaslı tədqiqatın nəticələrinə əsasən, güc məşqlərinin uzunömürlülüklə müsbət əlaqəsi müəyyən edilib.
Mütəxəssislər sağlam həyat tərzinin qorunması üçün müntəzəm fiziki aktivliyin, düzgün qidalanmanın və zərərli vərdişlərdən uzaq durmağın vacibliyini qeyd edirlər.
Fatimə
Sfera.az






