Logo

Təmiz su seçimi: qaynadılmış, yoxsa filtr suyu içək?

Təmiz su seçimi: qaynadılmış, yoxsa filtr suyu içək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İçməli suyun keyfiyyəti və təhlükəsizliyi insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Lakin gündəlik istifadə etdiyimiz suyun hansı üsulla təmizlənməsinin daha məqsədəuyğun olması müzakirə mövzusudur. Bəziləri suyun qaynadılaraq içilməsini daha təhlükəsiz hesab etdiyi halda, digərləri filtrdən keçirilmiş suya üstünlük verir. Hər iki üsulun üstünlükləri və çatışmazlıqları olsa da, onların insan sağlamlığına təsiri suyun tərkibindən və keyfiyyətindən asılıdır.

Bəs suyu qaynadaraq içmək daha faydalıdır, yoxsa filtrdən keçirərək?

“Refresh Group” MMC-nin qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətinin baş icraçı direktoru Seymur Qafarov Sfera.az-a açıqlamasında bildirib ki, hər iki üsulun öz üstünlükləri və tətbiq məqsədləri var.

Onun sözlərinə görə, suyun tərkibindən asılı olaraq hər iki üsul effektiv hesab olunur:

“Bəzi hallarda isə bu üsulların birlikdə tətbiqi daha yaxşı nəticə verir. Yəni su əvvəlcə filtrdən keçirilir, daha sonra isə qaynadılaraq istehlak olunur. Suyun qaynadılması patogen mikroorqanizmləri, bakteriyaları, virusları və parazitləri məhv etmək üçün ən etibarlı və ən qədim üsullardan biri hesab olunur. Lakin bu üsulun mənfi cəhətləri də var. Belə ki, qaynatma sudakı ağır metalları, pestisidləri, xloru və digər kimyəvi qalıqları tamamilə təmizləmir. Əksinə, qaynama zamanı suyun bir hissəsi buxarlandığı üçün bəzi hallarda zərərli maddələrin, mineralların və duzların qatılığı nisbətən arta bilər”.

Təmiz su seçimi: qaynadılmış, yoxsa filtr suyu içək?

Ekspert qeyd edib ki, suyun filtrdən keçirilməsinin də müəyyən üstünlükləri və çatışmazlıqları mövcuddur:

“Keyfiyyətli su filtrləri, xüsusilə əks-osmos (reverse osmosis) sistemləri və karbon filtrləri növündən asılı olaraq sudakı xlorun, mexaniki hissəciklərin, ağır metalların və müəyyən kimyəvi qalıqların azaldılmasında effektiv rol oynayır. Nəticədə su daha təmiz və dadlı olur. Lakin filtr vaxtında dəyişdirilmədikdə bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilə bilər. Həmçinin bəzi sadə filtrlər sudakı mikroorqanizmləri tamamilə təmizləyə bilmir”.

S.Qafarov vurğulayıb ki, suyun hansı üsulla təmizlənməsi onun mənbəyindən və keyfiyyətindən asılı olaraq müəyyən edilməlidir:

“İstifadə olunan su mərkəzləşdirilmiş şəbəkədən gəlirsə və əsas məqsəd kimyəvi qalıqlardan, xlordan və mexaniki hissəciklərdən xilas olmaqdırsa, keyfiyyətli filtrdən keçirilmiş su daha əlverişli və rahat seçim hesab olunur. Suyun mikrobioloji təmizliyinə və bakterioloji təhlükəsizliyinə tam əminlik yoxdursa, xüsusilə çöl şəraitində və mənbəyi naməlum olan sudan istifadə edilirsə, əvvəlcə filtrdən keçirilmiş və ya çökdürülmüş suyun qaynadılması daha təhlükəsiz yanaşmadır. Filtrdən keçirilmiş suyu qaynadaraq istifadə etmək və ya qaynatdıqdan sonra soyuducuya yerləşdirib soyudulmuş halda istehlak etmək tövsiyə olunur”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR