ABŞ bu statusunu itirə bilər
ABŞ son illərdə qızılca xəstəliyinin yenidən yayılması səbəbindən ciddi səhiyyə problemi ilə üzləşib. Ölkə qızılcanın aradan qaldırıldığı ölkə statusunu itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, beynəlxalq səhiyyə ekspertləri ABŞ-də qızılca ilə bağlı epidemioloji vəziyyəti qiymətləndirmək üçün bir araya gəlirlər. Müzakirələrin əsas mövzusu ölkədə virusun davamlı yayılmasının qızılcanın aradan qaldırılması statusuna necə təsir etməsidir.
Qeyd edək ki, ABŞ 2000-ci ildə qızılcanın aradan qaldırıldığı ölkə elan olunub. Bu status xəstəliyin ölkə daxilində davamlı yayılmasının dayandırıldığını göstərir.
Lakin son dövrlərdə qızılca hallarının artması və müxtəlif bölgələrdə yoluxma ocaqlarının yaranması mövcud vəziyyətlə bağlı narahatlıqları gücləndirib.
Mütəxəssislər bildirirlər ki, qızılca yüksək yoluxuculuğa malik virus xəstəliyidir.
Peyvəndləmə səviyyəsinin aşağı olduğu ərazilərdə infeksiyanın sürətlə yayılması riski daha yüksəkdir.
ABŞ-nin sözügedən statusu qoruyub-qorumayacağı ekspert qiymətləndirməsinin nəticələrindən asılı olacaq.
Şahanə Ziyad






