Hər gün yediyimiz qidalar - Onlarda süni dadlandırıcılar var

Hər gün yediyimiz qidalar - Onlarda süni dadlandırıcılar var
Kateqoriya məlum deyil
T

Böyük Britaniyalı tanınmış dietoloq Kayla Daniels gündəlik həyatda geniş istehlak edilən emal olunmuş qidaların sağlamlıq üçün risk yarada biləcəyini bildirib. O qeyd edib ki, bu məhsulların tərkibində süni dadlandırıcılar, rəngləndiricilər, qoruyucu maddələr və digər əlavələr ola bilər.

Sfera.az xəbər verir ki, mütəxəssisin nəzərdə tutduğu məhsullar aşağıdakılardır:

1. Zülalla zəngin qatıqlar

Daniels bəzi protein qatıqlarında dad və teksturanı yaxşılaşdırmaq üçün süni dadlandırıcıların və qatılaşdırıcıların istifadə edildiyini qeyd edib. O, bu məhsulların sağlamlıq baxımından avtomatik olaraq daha üstün seçim sayılmamalı olduğunu vurğulayıb.

2. Bitki əsaslı süd məhsulları

Dietoloq bitki mənşəli süd alternativlərinin hamısının eyni olmadığını bildirib. Bəzi məhsullarda təmizlənmiş yağlar, qatılaşdırıcılar və digər əlavələrin yüksək miqdarda ola biləcəyini deyib

3. Zülal batonları

Sağlam qəlyanaltı kimi təqdim edilən protein batonlarının bəzilərində süni dadlandırıcılar, palma yağı və digər əlavələr ola bilər. Daniels xüsusilə doymuş yağların həddindən artıq qəbulunun xolesterol və ürək-damar sağlamlığı baxımından arzuolunmaz olduğunu qeyd edib.

4. Yemək əvəzedicisi qarışıqları

Şeyk formasında satılan bəzi yemək əvəzedicilərinin çoxsaylı süni komponentlər ehtiva edə biləcəyi bildirilib. Dietoloq belə məhsulların tez-tez istifadəsinin balanslı qidalanmanı əvəz etməməli olduğunu vurğulayıb.

5. Qranola batonları

“Sağlam qəlyanaltı” kimi təqdim olunan qranola batonlarının bir hissəsində yüksək miqdarda əlavə şəkər ola bilər. Bu səbəbdən onların qida dəyərindən çox şəkər tərkibinə diqqət yetirmək tövsiyə olunur.

6. Kütləvi istehsal olunan ağ çörək

Rafinə edilmiş undan hazırlanan ağ çörəyin tam taxıllı məhsullarla müqayisədə daha az lif ehtiva edə biləcəyi qeyd edilir. Lifin az olması isə qidalanma baxımından daha zəif seçim yarada bilər.

7. Hazır əriştə

Hazır əriştənin əsas problemlərindən biri yüksək natrium tərkibidir. Həddindən artıq natrium qəbulu qan təzyiqinin yüksəlməsi və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.

8. Kolbasa və digər emal olunmuş ətlər

Bu məhsulların tez-tez istehlakı xüsusilə kolorektal xərçəng riski ilə əlaqələndirildiyi üçün onların miqdarının məhdudlaşdırılması tövsiyə olunur.

Mütəxəssislər ümumilikdə qidalanmada tərəvəz, meyvə, paxlalılar, tam taxıllar və az emal olunmuş məhsulların payının artırılmasını, yüksək şəkər, duz və doymuş yağ tərkibli ultra-emal olunmuş qidaların isə məhdudlaşdırılmasını tövsiyə edirlər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR