Arıqlamaq istəyənlərin diqqətinə

Çəkiyə nəzarət etmək istəyənlər üçün maraqlı üsul gündəmə gəlib. Mütəxəssislər bildirirlər ki, yemək yediyiniz boşqabın rəngi porsiya qəbuluna və iştahaya təsir göstərə bilər. Xüsusilə mavi rəngli boşqablardan istifadə etməyin qida qəbulunu azaltmağa kömək etdiyi iddia olunur.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qidalanma və pəhriz mütəxəssisi Ayşegül Akkaya Erdemin sözlərinə görə, mavi rəng həm vizual kontrast yaratdığı, həm də insan psixologiyasına təsir etdiyi üçün porsiyaların daha böyük görünməsinə səbəb olur. Bu isə daha tez toxluq hissi yaradaraq qəbul edilən kalorinin azalmasına kömək edə bilər.
Mütəxəssis qeyd edir ki, insan beyni təkamül prosesində mavi və bənövşəyi tonları təbiətdə nadir rast gəlinən, bəzən isə təhlükə ilə əlaqələndirilən rənglər kimi qəbul edib. Bu səbəbdən mavi rəng iştahanı təbii şəkildə zəiflədə bilər.
Ayşegül Akkaya Erdem bildirir ki, düyü, bulqur, makaron, ət kimi qidalar mavi boşqab üzərində daha qabarıq görünür. Boşqab və yemək arasındakı rəng kontrastı porsiyanın olduğundan daha böyük qəbul edilməsinə şərait yaradır və bu da insanın daha az qida ilə doymasına kömək edir.
Mütəxəssis əlavə edib ki, qırmızı, sarı və narıncı kimi rənglər isə əksinə iştahanı artıran tonlar hesab olunur. Məhz buna görə də fast-food restoranlarının loqo və interyerlərində bu rənglərdən geniş istifadə edilir.
Ayşegül Akkaya Erdem vurğulayıb ki, mavi boşqabdan istifadə heç bir sağlamlıq riski yaratmır və uşaqlardan tutmuş yaşlılara, eləcə də xroniki xəstəliyi olan şəxslərə qədər hər kəs tərəfindən tətbiq oluna bilər. Onun sözlərinə görə, bu üsul təkbaşına arıqlama vasitəsi olmasa da porsiyaya nəzarəti asanlaşdıran psixoloji dəstək rolunu oynaya bilər.
Bununla belə, qeyd etmək lazımdır ki, mavi boşqabların kalori qəbulunu 30 faizə qədər azaltdığı barədə iddialar bütün elmi araşdırmalar tərəfindən qəti şəkildə təsdiqlənməyib. Mütəxəssislər sağlam çəki nəzarəti üçün balanslı qidalanma, müntəzəm fiziki aktivlik və düzgün həyat tərzinin əsas amillər olaraq qaldığını vurğulayırlar.
Mənsumə
