Bu iki yağ qaraciyəri piyləndirə bilər: Alimlərdən xəbərdarlıq
Kokos və əridilmiş kərə yağının uzun müddət yüksək miqdarda qəbulu qaraciyərdə piy yığılmasına, iltihaba və qlükoza mübadiləsinin pozulmasına səbəb ola bilər.
Sfera.az xəbər verir ki, bu nəticəyə Hindistan Milli Qidalanma İnstitutunun alimləri gəlib. Tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Araşdırma çərçivəsində 40 siçan beş qrupa bölünüb. Heyvanlar altı ay ərzində adi yem və ya tərkibinə yerfındığı, palma, kokos və əridilmiş kərə yağı əlavə edilmiş yüksək yağlı qidalarla bəsləniblər. Bütün yüksək yağlı rasionların kaloriliyi eyni olub.
Nəticələr göstərib ki, ən ciddi dəyişikliklər əridilmiş kərə yağı qəbul edən siçanlarda müşahidə olunub. Onların qaraciyərində və qarın boşluğunda yağ yığılması artıb, qanda triqliseridlərin səviyyəsi yüksəlib, iltihab yaranıb və insulinə həssaslıq azalıb.
Kokos yağı qəbul edən heyvanlarda da qaraciyərdə yağlanma, iltihab və insulin müqaviməti qeydə alınıb. Maraqlıdır ki, bu dəyişikliklər qarın boşluğunda yağın nəzərəçarpacaq dərəcədə artmadığı hallarda da baş verib.
Palma yağı qəbul edən qrupda qaraciyərlə bağlı dəyişikliklər daha zəif olub. Yerfındığı yağı isə əridilmiş kərə və kokos yağı ilə müqayisədə daha əlverişli nəticələr göstərib.
Tədqiqat müəllifləri hesab edirlər ki, yağların sağlamlığa təsiri yalnız onların miqdarından deyil, həm də tərkibindən asılıdır.
Bununla belə, araşdırmanın siçanlar üzərində və yüksək yağlı qidalanma şəraitində aparıldığını nəzərə almaq lazımdır. Buna görə də nəticələri birbaşa insanlara şamil etmək və bu yağların adi miqdarda istifadəsinin eyni təsir göstərəcəyini söyləmək olmaz.
Fatimə
Sfera.az






