Logo

Adi duz əvəzinə bundan istifadə milyonlarla insanın həyatını xilas edə bilər

Adi duz əvəzinə bundan istifadə milyonlarla insanın həyatını xilas edə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Adi xörək duzunun kaliumla zənginləşdirilmiş alternativlə əvəzlənməsi dünyada hər il təxminən 3 milyon ölümün və ürək-damar, eləcə də böyrək xəstəliklərinin 10 milyondan çox yeni halının qarşısını ala bilər.

Sfera.az xəbər verir ki, Avstraliyadakı Corc Qlobal Sağlamlıq İnstitutunun (The George Institute for Global Health) tədqiqatçıları 193 ölkəni əhatə edən araşdırmada kaliumla zənginləşdirilmiş duzdan istifadənin mümkün sağlamlıq faydalarını qiymətləndiriblər.

Tədqiqatın nəticələrinə əsasən, dünya üzrə adi duzun bu alternativlə əvəzlənməsi hər il təxminən 2,96 milyon ölümün, ürək-damar və xroniki böyrək xəstəliklərinin isə 10,17 milyon yeni halının qarşısını ala bilər.

Araşdırmanın müəlliflərindən biri, institutun professoru Bryus Nil bildirib ki, natriumun həddindən artıq, kaliumun isə az qəbul edilməsi yüksək qan təzyiqinin əsas səbəblərindəndir. Hipertoniya isə insult, infarkt və böyrək xəstəlikləri kimi ciddi sağlamlıq problemləri üçün mühüm risk faktorudur.

Kaliumla zənginləşdirilmiş duz adi duzun tərkibindəki natrium xloridin bir hissəsinin kalium xloridlə əvəz edilməsi yolu ilə hazırlanır. Görünüşü, dadı və yeməklərdə istifadəsi adi duza bənzəsə də, həm natrium qəbulunu azaltmağa, həm də kalium səviyyəsini artırmağa kömək edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 30-79 yaş arası hər üç böyükdən biri, təxminən 1,4 milyard insan yüksək qan təzyiqindən əziyyət çəkir. Ürək-damar xəstəlikləri də ölüm və əlilliyin əsas səbəbləri sırasında yer alır. 2023-cü ildə bu xəstəliklər dünyada 19,2 milyon insanın ölümünə səbəb olub.

Duzun qismən dəyişdirilməsi də fayda verə bilər

Tədqiqatçılar duzun yalnız evlərdə deyil, emal olunmuş məhsullarda və restoran yeməklərində də əvəzlənməsi ehtimallarını araşdırıblar. Hesablamalara görə, yalnız ev təsərrüfatlarında istifadə olunan duzun kaliumla zənginləşdirilmiş alternativlə əvəzlənməsi hər il 1,85 milyon ölümün, ürək-damar və böyrək xəstəliklərinin 6,19 milyon yeni halının qarşısını ala bilər.

Emal olunmuş qidalar və restoran yeməklərində istifadə edilən duzun da dəyişdirilməsi əlavə olaraq 1,56 milyon ölümün və 5,46 milyon xəstəlik halının qarşısını almaq potensialına malikdir. Tədqiqatçılar xüsusilə Avropa və Şimali Amerikada qida sənayesinin bu prosesə qoşulmasının vacibliyini vurğulayıblar. Çünki həmin regionlarda duz qəbulunun 70 faizdən çoxu evdə yeməklərə əlavə edilən duzdan deyil, hazır məhsullardan və restoran yeməklərindən qaynaqlanır. Araşdırmaya əsasən, duzun tamamilə dəyişdirilməsi Çində hər il təxminən 1,08 milyon, Hindistanda isə 400 minə yaxın ölümün qarşısını ala bilər. Böyük Britaniyada bu göstəricinin 13 minə yaxın ölüm və ürək-damar, böyrək xəstəliklərinin 60 min yeni halı olacağı təxmin edilir.

Bununla belə, mütəxəssislər kaliumla zənginləşdirilmiş duzun hər kəs üçün uyğun olmadığını bildirirlər. Xüsusilə ağır böyrək xəstəliyi olanlar və qanda kaliumun səviyyəsini artıran müəyyən dərmanlardan istifadə edənlərdə hiperkalemiya – qanda kaliumun normadan artıq olması riski yarana bilər.

Tədqiqatçılardan, nefroloq Vivek Cəha bu risklərin düzgün məlumatlandırma, məhsulların üzərində xəbərdarlıqlar və tibbi nəzarət vasitəsilə idarə oluna biləcəyini qeyd edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2025-ci ildə qan təzyiqinin və ürək-damar xəstəlikləri riskinin azaldılması məqsədilə kaliumla zənginləşdirilmiş duzun istifadəsini dəstəkləyib. Bununla belə, mütəxəssislər bu məhsula keçməzdən əvvəl, xüsusilə böyrək xəstəliyi və ya müvafiq dərman istifadəsi olan şəxslərin həkimlə məsləhətləşməsini vacib sayırlar.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR