Elektron siqaretlər qadağan olunacaq? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin ölkədə elektron siqaretlərin satışının tamamilə qadağan edilməsinə dair təklifi dəstəkləyib. Bu qərar ölkə ictimaiyyətində müxtəlif müzakirələrə səbəb olub.
Adi siqaretlərin satışına məhdudiyyət qoyulmadığı halda, niyə elektron siqaretlərin satışı qadağan edilməlidir? Elektron siqaretlər həqiqətənmi daha təhlükəlidir?
Sfera.az-a bu barədə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla elektron siqaret ideyasının ötən əsrin 70-ci illərində siqareti tərgitməyin alternativ üsulu kimi ortaya çıxdığını xatırladıb.
Professorun sözlərinə görə, məqsəd o idi ki, siqareti buraxmaq istəyənlər bir müddət bu vasitədən istifadə etsin və tədricən tütün məhsullarından uzaqlaşsınlar:
“Lakin bu konsepsiya gözlənilən nəticəni vermədi. Sonradan sahibkarlar bu ideyaya yenidən qayıdaraq elektron siqaretlərin istehsalına başladılar. Əslində, problem ondan ibarətdir ki, elektron siqaretlərdə də adi siqaretlər qədər nikotin mövcuddur və bu da eyni dərəcədə asılılıq yaradır. Yəni, elektron siqaret siqareti tərgitməyin effektiv yolu deyil”.
A.Qeybulla bu siqaretlərdə istifadə olunan aromatik maddələrin yanma zamanı müxtəlif kanserogen birləşmələr əmələ gətirdiyini də əlavə edib.

O qeyd edib ki, aromatik polisiklik karbohidrogenlər adlanan bu maddələr də insan sağlamlığı üçün zərərli olub, siqaret tüstüsündəki qatran və bənzər komponentlər qədər təhlükəlidir:
“Bütün bunları nəzərə alaraq, elektron siqaretlərin istifadəsinin artıq bir məntiqi qalmayıb. Onların qadağan edilməsi nəticəsində qiymətlərin qalxması və qeyri-qanuni yolla ölkəyə daxil olması ehtimalı böyükdür. Lakin, ümumilikdə bu məhsulların istehsalı və satışı Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə qlobal səviyyədə qadağan edilməlidir ki, bu zərərli vərdiş tamamilə aradan qalxsın”.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının (ÜST) və beynəlxalq araşdırma mərkəzlərinin məlumatına görə, son illərdə elektron siqaretlərdən istifadə edənlərin sayı sürətlə artır. Bu məhsullar xüsusilə Avropa və Şimali Amerika ölkələrində geniş yayılıb.
ÜST-ün hesabatına əsasən, hazırda dünyada 100 milyondan çox insan elektron siqaret və digər yeni nikotin məhsullarından istifadə edir. Ən yüksək göstəricilər Serbiya (18,4 faiz) və Lüksemburqda (17 faiz) qeydə alınıb.
Avropa regionu bu sahədə lider mövqedədir. Məlumatlara görə, 13–15 yaşlı gənclər arasında elektron siqaret istifadəsi 14,3 faiz təşkil edir. Yetkinlər arasında isə bu rəqəm orta hesabla 4,6 faizdir.
Fidan Hacızadə
Sfera.az






