Logo

Ev şəraitində iynə vuranları hansı cəza gözləyir? - QANUN

Ev şəraitində iynə vuranları hansı cəza gözləyir? - QANUN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lənkəranda kişinin ev şəraitində vurulan iynədən sonra şok keçirərək ölməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, noyabrın 10-da saat 16:00 radələrində rayonun Veravul kənd sakini, 1970-ci il təvəllüdlü Rasim Qasım oğlu Qasımov yaşadığı evdə həyat yoldaşı Şəfəq tərəfindən ona iynə vurulduqdan sonra şok keçirərək həyatını itirib.

Hadisə ilə bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş verən hadisə ev şəraitində tibbi müdaxilələrin təhlükəsizliyi və hüquqi məsuliyyət məsələsini yenidən gündəmə gətirib.

Bəs ev şəraitində iynə vurulması qanunidirmi? Belə müdaxilələr hansı hallarda cinayət məsuliyyəti yaradır?

Sfera.az xəbər verir ki, Azərbaycan qanunvericiliyində ev şəraitində iynə vurulmasına dair ümumi qadağa nəzərdə tutulmayıb.

Lakin tibbi xidmətin kim tərəfindən və hansı qaydada göstərilməsi mühüm əhəmiyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağa görə fiziki şəxslər 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə edilə bilərlər.

Bundan başqa, Cinayət Məcəlləsinin 142-ci maddəsində tibbi xidmətin göstərilməsi qaydalarının pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.

Belə ki, müvafiq tibbi təhsili və ya qanunla tələb olunan sertifikasiya şəhadətnaməsi olmayan şəxsin praktik tibb fəaliyyəti nəticəsində vətəndaşın sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurularsa, bir ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Eyni zamanda, tibb işçisinin peşə vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində sağlamlığa az ağır zərər vurulması da cinayət məsuliyyəti yarada bilər.

Qeyd olunan əməllər nəticəsində şəxsin sağlamlığına ağır zərər vurularsa, iki ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu əməllər ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olduqda iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə, iki və daha çox şəxsin ölümünə səbəb olduqda isə dörd ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Qeyd edək ki, ev şəraitində iynə vurulması faktı özlüyündə cinayət hesab edilmir. Hüquqi məsuliyyətin yaranması üçün hadisənin konkret halları, tibbi müdaxilənin xarakteri və qanunvericilikdə nəzərdə tutulan digər şərtlər müəyyənləşdirilməlidir.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR