Bayram və tətildən sonra insan niyə özünü boşluqda hiss edir? – Səbəbi açıqlandı
Konsert, toy, tətil və böyük əyləncə tədbirlərindən sonra bəzi insanlarda ruh düşkünlüyü, apatiya və gündəlik həyata marağın azalması müşahidə olunur. Hətta adi işlər belə insana darıxdırıcı və mənasız görünə bilər. Mütəxəssislər bu vəziyyəti gündəlik dildə “dopamin çuxuru” adlandırırlar.
Sfera.az xəbər verir ki, tədbirlərin təşkili üzrə mütəxəssis, M2EVENTS agentliyinin təsisçisi Mariya Meşalkina “RT”yə açıqlamasında bu vəziyyətin yaranma səbəblərini izah edib.
Onun sözlərinə görə, böyük tədbirlər zamanı insan intensiv emosiyalar və təəssüratlar yaşayır. Şənlik başa çatdıqdan sonra bu stimulların qəfil yox olması gündəlik həyatın daha monoton və darıxdırıcı görünməsinə səbəb olur. Halbuki insanın gündəlik məşğuliyyətləri əvvəlki kimi qalır.
Mütəxəssis qeyd edib ki, bu halı yalnız neyromediatorların səviyyəsindəki mümkün dəyişikliklərlə əlaqələndirmək düzgün deyil. Yuxusuzluq, toplanmış yorğunluq və mühitin qəfil dəyişməsi də emosional vəziyyətə təsir göstərir.
Belə ruh düşkünlüyünü xüsusilə tədbirin təşkilatçıları və uzun müddət həmin günə hazırlaşan insanlar daha kəskin hiss edə bilərlər. Çünki tədbir ərəfəsində çoxsaylı məsələlərin həlli ilə məşğul olan insanlar onun başa çatması ilə birdən-birə əvvəlki intensivlikdən uzaqlaşırlar. Nəticədə diqqət və motivasiya itkisi yaşana bilər.
Ekspertin fikrincə, tədbirin məzmunu da bu prosesə təsir edir. Bəzi əyləncələr insanda yalnız qısamüddətli emosiyalar yaradır, digərləri isə yeni tanışlıqlar, faydalı təcrübələr və uzun müddət xatırlanan təəssüratlarla yadda qalır. Bununla belə, hətta mənalı və yaddaqalan tədbirlərdən sonra da emosional eniş yaşanması mümkündür.
Bu vəziyyətdən daha rahat çıxmaq üçün ilk növbədə normal yuxu və istirahət rejiminə qayıtmaq tövsiyə olunur. Özünüzdə yenidən güclü emosiyalar yaratmağa çalışmaq əvəzinə, kiçik və xoş fəaliyyətlərə üstünlük vermək daha faydalıdır. Gəzinti, sevimli hobbilərlə məşğul olmaq və yaxınlarla vaxt keçirmək psixoloji vəziyyətin sabitləşməsinə kömək edə bilər.
Meşalkina vurğulayıb ki, böyük tədbirdən sonrakı gün də eyni bayram əhval-ruhiyyəsini qorumağı özünüzdən tələb etməməlisiniz. Parlaq emosiyalarla dolu hadisədən sonra yüngül kədər və boşluq hissi yaşamaq təbii reaksiyadır.
Qeyd edək ki, “dopamin çuxuru” ifadəsi bu vəziyyəti təsvir etmək üçün gündəlik dildə istifadə olunsa da, ciddi tibbi diaqnoz hesab edilmir.
Fatimə
Sfera.az






