Onlayn alış-veriş edənlərin diqqətinə: Dələduzlar bu üsullarla pulları ələ keçirir
Elektron ticarətin və mobil tətbiqlərin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi onlayn ödənişlərin rahatlığını artırsa da, kiberdələduzluq hallarının genişlənməsinə də şərait yaradır.
Xüsusilə bank kartları vasitəsilə alış-veriş, mobil bankçılıq, sosial şəbəkələrdə satış və müxtəlif onlayn xidmətlərdən istifadə zamanı vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi riski artır. Kiberdələduzlar isə bu imkanlardan yararlanaraq insanların etibarından, diqqətsizliyindən və rəqəmsal təhlükəsizlik qaydaları barədə məlumatsızlığından istifadə edirlər.
O cümlədən, Mərkəzi Bank məlumat verib ki, 2026-cı ilin III rübündə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının 97,7 faizi elektron ticarət və mobil tətbiqlər vasitəsilə həyata keçirilib. Cəmi bir rüb ərzində belə əməliyyatların sayı 36,14 faiz artaraq 7 222-yə çatıb. Bu rəqəmlər kiberdələduzluğun artıq ciddi təhlükəsizlik probleminə çevrildiyini göstərir.
Bəs elektron ticarət və mobil tətbiqlər üzərindən ən çox hansı dələduzluq üsullarından istifadə olunur? Vətəndaşlar şəxsi və bank məlumatlarını qorumaq üçün nələrə diqqət etməlidirlər?
İT mütəxəssisi Kamran Əsədullayev Sfera.az-a açıqlamasında bildirib ki, kiberdələduzlar artıq yalnız texniki boşluqlardan deyil, insanların diqqətsizliyindən, etibarından və rəqəmsal savadlılıq səviyyəsindən də istifadə edirlər.
Onun sözlərinə görə, dələduzluq hallarının əksəriyyətində əsas məqsəd vətəndaşın kart məlumatlarını və ya təsdiq kodunu özünün paylaşmasına nail olmaqdır:
“Yəni bu hallarda hər zaman bank sisteminin sındırılması baş vermir, bəzən insan özü bilmədən dələduzluğun iştirakçısına çevrilir. Ən geniş yayılmış üsullardan biri saxta alış-veriş saytları və elanlardır. Dələduzlar tanınmış mağazaların və onlayn satış platformalarının görünüşünü təqlid edən səhifələr yaradaraq məhsulları cəlbedici qiymətlərlə təklif edirlər. Vətəndaş ödəniş etdikdən sonra məhsulu əldə edə bilmir, eyni zamanda kart məlumatlarının təhlükəyə düşməsi ilə üzləşir.
Digər geniş yayılmış üsul isə fişinq hücumlarıdır. Bu zaman bank, kuryer xidməti, dövlət qurumu və ya tanınmış şirkət adından vətəndaşlara SMS, elektron poçt və sosial şəbəkələr vasitəsilə saxta linklər göndərilir. Hesabın bloklanması, bağlamanın çatdırılması və ya ödənişin təsdiqlənməsi kimi bəhanələrlə insanları linkə daxil olmağa sövq edirlər. Nəticədə kart məlumatları və digər məxfi informasiyalar ələ keçirilə bilər.
“Dələduzlar bəzən özlərini bankın təhlükəsizlik əməkdaşı kimi təqdim edərək vətəndaşlara zəng edirlər. Hesabda şübhəli əməliyyat aşkarlandığını bildirərək insanlarda təşviş yaradır, SMS-lə göndərilən birdəfəlik təsdiq kodunu, kart məlumatlarını və mobil bankçılığa giriş informasiyalarını əldə etməyə çalışırlar”.
Mütəxəssis sosial şəbəkələrdəki saxta kampaniyalar və investisiya təkliflərinin də təhlükə yaratdığını vurğulayıb. Onun sözlərinə görə, Instagram, Facebook və TikTok kimi platformalarda saxta mağazalar, hədiyyə kampaniyaları və qeyri-real qazanc vədləri vasitəsilə istifadəçilər aldadılır:
“Bəzi hallarda isə tanış şəxslərin hesabları ələ keçirilərək onların adından dostlarına pul göndərilməsi xahiş olunur. Saxta mobil tətbiqlər və şübhəli texniki dəstək təklifləri də hesabların ələ keçirilməsinə səbəb ola bilər. Kartın nömrəsi, son istifadə tarixi və CVV kodu əldə edildikdə isə kart sahibinin xəbəri olmadan internet üzərindən ödənişlər aparıla bilər”.
Mütəxəssis vətəndaşlara ilk növbədə SMS-lə göndərilən birdəfəlik təsdiq kodlarını heç kimlə paylaşmamağı tövsiyə edib. O bildirib ki, bank əməkdaşı belə müştəridən həmin kodu tələb etməməlidir:
“Həmçinin CVV və PIN kodlarının telefon, mesaj və sosial şəbəkələr vasitəsilə göndərilməməsi, şübhəli linklərə daxil olunmaması, mobil tətbiqlərin yalnız rəsmi mənbələrdən yüklənməsi vacibdir. Bank əməkdaşı olduğunu bildirən şəxslərin zənglərinə də ehtiyatla yanaşmağı məsləhət görürəm. Belə hallarda danışığı dayandıraraq bankın rəsmi nömrəsi ilə əlaqə saxlamaq, kart üzrə internet ödənişlərinə limit təyin etmək və əməliyyat bildirişlərini aktiv saxlamaq lazımdır. Sosial şəbəkə hesablarında iki mərhələli təsdiqləmədən istifadə də təhlükəsizliyin artırılmasına kömək edir.
Dələduzluqla üzləşən şəxslərin isə vaxt itirmədən bankla əlaqə saxlayaraq kartı bloklatması, mobil bankçılıq hesabının giriş məlumatlarını dəyişməsi və şübhəli əməliyyatla bağlı banka müraciət etməsi vacibdir. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilməli, şübhəli mesajlar, telefon nömrələri və əməliyyat bildirişləri mümkün sübut kimi saxlanılmalıdır”.
Kamran Əsədullayev hesab edir ki, problemin həlli yalnız bankların təhlükəsizlik sistemlərinin gücləndirilməsi ilə məhdudlaşmamalıdır.
Onun fikrincə, texnoloji təhlükəsizlik, bankların müştərilərin qorunması üzrə məsuliyyəti və əhalinin rəqəmsal savadlılığının artırılması paralel şəkildə həyata keçirilməlidir.
“Bankların şübhəli əməliyyatları daha effektiv müəyyənləşdirən sistemlərdən, süni intellekt əsaslı monitorinqdən və əlavə autentifikasiya mexanizmlərindən istifadəsini də vacib sayıram. Rəqəmsal təhlükəsizlik mövzusu məktəblərdə və digər təhsil müəssisələrində daha geniş tədris olunmalıdır”, – o qeyd edib.
İradə Elsevər
Sfera.az






