Qadınlara qarşı zorakılığa qarşı 16 günlük kampaniya başlayır
"Azərbaycanda məişət zorakılığının və erkən evlilik hallarının qarşısının alınması istiqamətində son illər mühüm qanunvericilik dəyişiklikləri edilib, institusional tədbirlər həyata keçirilib və müvafiq mexanizmlər təkmilləşdirilib".
Sfera.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.
Komitə sədri bu halların qarşısının alınmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib:
“Xüsusilə qanunvericiliyə edilmiş dəyişikliklər əsasında zərər çəkmiş şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi, mühafizə orderlərinin tətbiqinin təkmilləşdirilməsi, yerli icra hakimiyyəti orqanlarında monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli səviyyədə aidiyyəti qurumların birgə fəaliyyətinin təmin olunması mühüm əhəmiyyət daşıyır”.
B.Muradova konfransın qadınlara qarşı zorakılığın aradan qaldırılmasına yönəlmiş 16 günlük fəallıq kampaniyası ərəfəsində keçirilməsinin mövzuya əlavə aktuallıq qazandırdığını vurğulayıb:
“Noyabrın 25-dən dekabrın 10-dək - Beynəlxalq İnsan Hüquqları Gününə qədər davam edən bu kampaniya bütün dünyada qadınların hüquqlarının qorunması, onlara qarşı müxtəlif təzyiq, təhdid və zorakılıq hallarının qarşısının alınması, zərər çəkmiş şəxslərin müdafiəsi və cinayət törədənlərin cəzasızlığına son qoyulması istiqamətində fəaliyyətə çağırır. Bu kampaniyanın əsas mesajı gündəlik fəaliyyətimizin də mahiyyətini ifadə edir: zorakılığa qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalıdır. Onun sosial və mənəvi səbəblərinin araşdırılması və aradan qaldırılması üçün cəmiyyətin və aidiyyəti qurumların səyləri birləşdirilməli, hər bir insanın həyatı və ləyaqətli yaşamı üçün məsuliyyətli davranış formalaşdırılmalıdır”.
Şahanə Ziyad
Sfera.az






