Almaniyada avtomobil nəhəngləri ilə işçilər üz-üzə: 23 min nəfər tətilə çıxdı
Almaniyanın metal və elektrik sənayesi sahələrində çalışan minlərlə işçi əməkhaqqının artırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra tətilə başlayıb.
Sfera.az xarici mediaya istinadən bildirir ki, ölkənin ən böyük həmkarlar ittifaqı olan IG Metall Almaniyanın şimalında yerləşən 19 müəssisədə çalışan 23 mindən çox işçini 24 saatlıq tətilə çağırıb. Aksiyalardan Mercedes-Benz, BMW və Siemens Gamesa şirkətlərinin müəssisələri də təsirlənib. Papenburqdakı Meyer Werft gəmiqayırma zavodunun işçiləri də tətilə qoşulmağa dəvət olunublar.
Bu aksiyalar cümə günü ölkə üzrə keçirilən və həmkarlar ittifaqının məlumatına əsasən, 151 min işçinin iştirak etdiyi tətillərin davamıdır. Həmin vaxt Audi-nin İnqolştadtdakı əsas zavodu və Bavariyada yerləşən üç BMW müəssisəsi də fəaliyyətini dayandırıb.
Şimali Almaniyada təxminən 130 min işçini əhatə edən əməkhaqqı danışıqlarının üç mərhələsi indiyədək nəticə verməyib. IG Metall qarşıdakı günlərdə Berlin və Hesse, Reynland-Pfalts, Saarland və Türingiya əyalətlərini əhatə edən mərkəzi bölgədə də yeni tətillərin keçiriləcəyini açıqlayıb.
Həmkarlar ittifaqı 3,7 milyon işçinin əməkhaqqının bir il ərzində 5 faiz artırılmasını tələb edir. İşəgötürənlər isə 2027-ci ilin iyulunda illik ümumi əməkhaqqının 1 faizi həcmində birdəfəlik ödəniş və 2028-ci ilin iyulundan 1,3 faizlik artım təklif ediblər.
IG Metall hesab edir ki, bu təklif inflyasiya nəzərə alındıqda işçilərin real gəlirlərinin azalmasına səbəb olacaq. Tətillər bazar günü axşam saatlarında, gecə növbələrinin başlaması ilə bir sıra zavodlarda start götürüb. Bremen və Hamburqdakı Mercedes-Benz müəssisələri də aksiyalardan təsirlənib.
Almaniyanın ARD ictimai yayımçısının Tagesschau xəbər xidmətinin məlumatına görə, Hamburqdakı Mercedes-Benz zavodunda istehsal xətləri bazar günü saat 22:00-dan etibarən dayanıb. Həmkarlar ittifaqının nümayəndəsi bildirib ki, müəssisəyə işçilərin girişinə icazə verilməyib və ərazidə yalnız təhlükəsizlik əməkdaşları qalıb.
Kuknshavendə yerləşən Siemens Gamesa külək turbinləri istehsalı müəssisəsində də tətil istehsala təsir göstərib.
Bununla yanaşı, Almaniyanın avtomobil sənayesində digər problemlər də yaşanır. Reuters-in məlumatına görə, Volkswagen təxminən 120 min işçini əhatə edən ayrıca danışıqlarda ikiillik əməkhaqqı artımının dayandırılmasını və daha çevik iş saatlarının tətbiqini istəyir.
BMW daha əvvəl könüllü işdənçıxma proqramı vasitəsilə təxminən 8 min iş yerinin ixtisarını nəzərdən keçirib. Mercedes-Benz isə Almaniyadakı illik xərclərini 800 milyon avro azaltmağı hədəfləyir. Şirkətdə əlavə ödənişsiz daha uzun iş saatları və sosial güzəştlərin azaldılması kimi variantlar da müzakirə olunur.
Qeyd edək ki, Mercedes-Benz Almaniyadakı investisiyalarını dayandıracağını da açıqlayıb. Bütün bu proseslər ölkənin avtomobil sənayesində xərclərin azaldılması və işçilərin əməkhaqqı tələbləri arasında ziddiyyətlərin dərinləşdiyini göstərir.
İnci
Sfera.az






