Deputat: "Bir çox axundlarımız müasir və geniş dünyagörüşünə malikdir"
Qızların təhsil almasına və peşə sahibi olmasına mane olan köhnəlmiş düşüncə tərzinin aradan qaldırılmasında din xadimlərinin də mühüm rolu var.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.
Deputat bəzi ailələrdə övladların təhsil almasına münasibəti tənqid edib:
"Niyə elə ailələr var ki, orada ailə başçısı düşünür ki, mən oxuyub nə qazanmışam ki, mənim də uşağım gedib oxusun, nəsə qazansın? Bu, geridə qalmış fəlsəfədir. Biz imkan verməməliyik ki, inkişaf edən, bu gün dünyada tanınan Azərbaycanın belə bir düşüncə ilə yaşayan vətəndaşları olsun”.
H.Hüseynova bu istiqamətdə din xadimlərinin maarifləndirmə fəaliyyətinin əhəmiyyətini də vurğulayıb:
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir çox axundlarımızla çox gözəl işlər görür. Mən bir çox axundlarımızın çıxışlarını izləmişəm. Onlar müasir və geniş dünyagörüşünə malik insanlardır. Onların təsir gücü çox böyükdür. Çünki onlar icmaya ən yaxın insanlardır. Ailələrlə görüşərkən, söhbət edərkən hansı məsələlərə daha çox toxunmalarından çox şey asılıdır”.
Komitə sədri tolerant və mütərəqqi cəmiyyətin bilik, elm, ədalət və bərabər imkanlar üzərində qurulduğunu bildirib. O, qadınların təhsilə, elmə, iqtisadiyyata və qərarvermə proseslərinə tam və bərabər çıxışının cəmiyyətin ümumi rifahının yüksəlməsinə birbaşa təsir göstərdiyini qeyd edib.
Şahanə Ziyad
Sfera.az






