Gündüz İsmayılov: "Tolerantlıq və multikulturalizm ənənələrinin formalaşmasında qadınların rolu böyükdür"
Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin formalaşmasında və yaşadılmasında qadınların tarixən böyük rolu olub.
Sfera.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda keçirilən “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkədə dini maarifləndirmə işinin aparılmasında qadınların üzərinə böyük məsuliyyət düşür:
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini maarifləndirmə işinin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə silsilə tədbirlər keçirir. Bugünkü tədbirin mövzusu da təsadüfi seçilməyib. Azərbaycan cəmiyyətində, o cümlədən dövlət-din münasibətləri müstəvisində dini maarifləndirmə işinin aparılmasında qadınların üzərinə böyük vəzifə və məsuliyyət düşür. Konfransda dini maarifləndirmə işinin gücləndirilməsi, tolerant dəyərlərin formalaşmasında qadınların rolunun artırılması və onların potensialından daha səmərəli istifadə olunması ətrafında fikir mübadiləsi aparılacaq”.
G.İsmayılov tolerantlıq ənənələrinin formalaşmasında Azərbaycan qadınlarının tarixi xidmətlərindən də danışıb:
“Bu gün tolerantlıq ənənələri Azərbaycan xalqının zəngin mədəniyyətinin tərkib hissəsi olmaqla yanaşı, həm də dövlət siyasətinin bir hissəsidir. Azərbaycanda tolerantlıq ənənələrinin formalaşmasında Azərbaycan qadınının böyük rolu var. Bakının mərkəzində yerləşən, Qafqaz Müsəlmanları İdarəsinin mərkəzi qərargahı olan Təzəpir məscidini məhz Azərbaycan qadını Nabat xanım Aşurbəyova öz vəsaiti hesabına inşa etdirib. Eyni zamanda, vaxtilə Qafqazın ən böyük kilsəsi olmuş Aleksandr Nevski kilsəsinin, eləcə də digər pravoslav kilsələrinin tikintisində və bərpasında Azərbaycan qadınları maddi dəstək göstəriblər. Hətta Arxangel Mixail kilsəsinin təmiri üçün Azərbaycan qadınları öz zinət əşyalarını bağışlayıblar. Azərbaycanın multikultural ənənələrinin, tolerant dəyərlərinin formalaşmasında və yaşadılmasında tarixdə olduğu kimi, bu gün də Azərbaycan qadınlarının böyük əməyi var”.
Şahanə Ziyad
Sfera.az






