İlahiyyat İnstitutunda təhsil alan qız tələbələrin sayı açıqlandı
"Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 318 tələbə təhsil alır ki, onlardan 98-i qızdır. Bundan əlavə, 4 qız tələbə təhsilini magistratura səviyyəsində davam etdirir".
Sfera.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.
Komitə sədri qadınların dini maarifləndirmə prosesində iştirakının xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Dini biliklərin düzgün mənimsənilməsi, dini mətnlərin elmi və tarixi kontekstdə şərhi, xurafatla sağlam dini düşüncənin fərqləndirilməsi məsələlərində qadınların fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə ailədə uşaqların dünyagörüşünün formalaşmasında qadının rolu nəzərə alınarsa, bu istiqamətdə maarifləndirmənin daha geniş ictimai nəticələr doğurduğu aydın görünər”
R.Məmmədov qadınların dini təhsil imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən də danışıb: “İndiyədək Azərbaycan İlahiyyat İnstitutundan bakalavriat səviyyəsi üzrə 126, magistratura üzrə 13, doktorantura üzrə 5, dissertantura üzrə isə 1 nəfər olmaqla, ümumilikdə 145 qadın məzun olub. Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecində isə hazırda 19 qız tələbə təhsilini davam etdirir, bu günədək 4 qız məzun olub”.
Komitə sədri erkən evlilik, qızların təhsildən yayınması və ailədaxili zorakılıqla mübarizə istiqamətində həyata keçirilən təşəbbüslərə də diqqət çəkib:
“Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, erkən evlilik, qızların təhsildən yayınması və ailədaxili zorakılıq kimi məsələlərdə maarifləndirmə təşəbbüslərini stimullaşdırmaq məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən "Xurşidbanu Natəvan" təqaüdü təsis edilib”.
R.Məmmədov milli-mənəvi dəyərlərin yaşadılmasında qadınların mövqeyinin yalnız ailədaxili rolla məhdudlaşmadığını vurğulayıb: “Qadın milli yaddaşın, mənəvi ənənələrin, sağlam ictimai düşüncənin formalaşmasında iştirak edən aparıcı intellektual və ictimai qüvvədir. Bu səbəbdən qadının maariflənməsinə, ictimai təşəbbüslərinin dəstəklənməsinə, bilik və bacarıqlarının reallaşdırılmasına yönələn hər bir addım, əslində, gələcəyimizə yatırılan çox dəyərli sərmayədir”.
Şahanə Ziyad






