İnsanın beyin hüceyrələri ilə idarə olunan robot it hazırlandı
Avstraliyalı alimlər laboratoriyada yetişdirdikləri canlı beyin hüceyrələrini silikon çiplərə inteqrasiya edərək robot itin hərəkətlərini idarə etməyə nail olublar.
Sfera.az xəbər verir ki, Avstraliyanın “Cortical Labsə şirkətinin tədqiqatçıları silikon çip üzərində yerləşdirdikləri canlı beyin hüceyrələrini elektrodlar vasitəsilə ikitərəfli elektrik siqnalları ilə təmin ediblər. Bunun nəticəsində neyronların fəaliyyəti fiziki robot itin hərəkətlərinə çevrilib.
Daha əvvəl “Pong” və “Doom” kimi kompüter oyunlarını oynamaq qabiliyyəti ilə diqqət çəkən bioçip texnologiyası ilk dəfə fiziki dünyada fəaliyyət göstərən robotik sistem üzərində uğurla sınaqdan keçirilib.
Müasir robotlar fiziki hərəkətlərdə yüksək nəticələr göstərsələr də, dəyişən şəraitə sürətlə uyğunlaşmaq və mürəkkəb vəziyyətlərdə qərar vermək baxımından hələ də çətinliklərlə üzləşirlər.
Ənənəvi süni intellekt sistemlərindən fərqli olaraq, insan beyninin daha az enerji sərf etməsi və naməlum vəziyyətlərin öhdəsindən daha yaxşı gəlməsi bu bioloji yanaşmanın əsas üstünlüklərindən hesab olunur.
“Honda Research Institute Europe” ilə əməkdaşlıq çərçivəsində virtual mühitdə də sınaqdan keçirilən sistem minlərlə saatlıq qarşılıqlı əlaqə vasitəsilə öyrədilib.
Hazırda inkişafının ilkin mərhələsində olan texnologiyanın qarşısında bir sıra çətinliklər dayanır.
Tədqiqatçılar canlı hüceyrələrlə etibarlı əlaqənin qurulmasının, onların öyrədilməsinin və yaddaş mexanizmlərinin başa düşülməsinin vacibliyini vurğulayıblar.
Uzunmüddətli perspektivdə neyron əsaslı çiplərin təkmilləşdirilməsi ilə çətin və ya təhlükəli şəraitdə fəaliyyət göstərə bilən, zamanla fərdiləşdirilmiş reaksiyalar öyrənən avtonom robotların hazırlanması hədəflənib.
Bəsti Rəfizadə





