Yeni virus təhlükəsi-Qərbi Nil virusundan ölənlərin sayı 51-ə çatdı
Yunanıstanda ağcaqanadların dişləməsi ilə yayılan ölümcül Qərbi Nil virusuna yoluxma halları artmaqda davam edir.
Sfera.az xəbər verir ki, Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının oktyabrın 29-na olan son hesabatına əsasən, 2026-cı ilin əvvəlindən ölkədə 457 yoluxma halı qeydə alınıb, virus səbəbindən 51 nəfər həyatını itirib. Son bir həftədə isə daha 4 yeni yoluxma halı aşkarlanıb.
Yoluxma hallarının əksəriyyəti paytaxt Afina və onun yerləşdiyi Attika yarımadasında qeydə alınıb.
Məlumata görə, 287 xəstədə ensefalit (beyin iltihabı), meningit və ya kəskin süst iflic kimi mərkəzi sinir sistemini təsir edən əlamətlər müşahidə olunub. Digər 170 xəstədə isə simptomlar yüngül keçib və ya mərkəzi sinir sisteminin zədələnməsi qeydə alınmayıb.
Virusdan həyatını itirənlərin orta yaşı 82 olub. Ölənlərin yaş həddinin 36-92 arasında dəyişdiyi bildirilir.
Yunanıstan Qərbi Nil virusuna yoluxma hallarının sayına görə Avropada İtaliyadan sonra ikinci yerdə qərarlaşıb. Təxminən 10 milyon əhalisi olan Yunanıstanda yoluxma sayının təxminən 60 milyon əhalisi olan İtaliyadan sonra Avropada ən yüksək səviyyəyə çatmasında bu il müşahidə edilən iqlim şəraitinin rol oynadığı ehtimal edilir.
Qeyd edək ki, Qərbi Nil virusuna yoluxan şəxslərin əksəriyyəti xəstəliyi heç bir əlamət olmadan keçirir. Bəzi hallarda isə qızdırma, baş ağrısı və əzələ ağrıları müşahidə edilir.
Ağır hallarda virus beyin iltihabı və meningit kimi ciddi nevroloji xəstəliklərə səbəb ola bilər.
Bəsti Rəfizadə






