Xaricdə 60 mindən çox azərbaycanlı təhsil alır – ARAŞDIRMA
Hər il Azərbaycandan minlərlə gənc təhsil almaq ümün xarici ölkələrə üz tuturlar. Onların bir qismi dövlət proqramları və dövlətlərarası razılaşmalar çərçivəsində, digərləri isə şəxsi vəsait, ailə dəstəyi, universitet təqaüdləri və digər maliyyə mənbələri hesabına oxuyur.
Dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin sayı və getdikləri ölkələrlə bağlı müfəssəl məlumat açıqlansa da digər tələbələr haqqında dəqiq məlumatlara rast gəlinmir.
Bəs hazırda Azərbaycandan kənarda nə qədər həmvətənimiz təhsil alır?
Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024/2025-ci tədris ilinin əvvəlində 1111 Azərbaycan vətəndaşı xarici ölkələrdə dövlət xətti ilə təhsil alıb. 2023/2024-cü tədris ilində bu göstərici 997 nəfər olub.
Dövlət xətti ilə təhsil alanların əksəriyyəti Türkiyə, Macarıstan və Rusiyaya üz tutub. Belə ki, Türkiyədə 478, Macarıstanda 321, Rusiyada 198, Çində 72, Rumıniyada 13, Qazaxıstanda 12, Böyük Britaniyada 4, ABŞ-də isə 1 azərbaycanlı tələbə təhsil alıb.
Bundan əlavə, 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində 2025-ci ilin sonunadək ümumilikdə 1794 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. 2025/2026-cı tədris ili üçün isə 500 nəfər bu imkanı əldə edib.
Dövlət proqramlarından kənarda, şəxsi vəsait, ailə dəstəyi və universitet təqaüdləri hesabına təhsil alan azərbaycanlıların sayı isə daha çoxdur. Dəqiqləşdirilməmiş məlumatlara əsasən, xaricdə ümumilikdə 60 mindən çox tələbə təhsil alır. Onların təxminən 2 min nəfəri dövlət xətti ilə qalanı müxtəlif mənbələr hesabına təhsil ala bilirlər.
Təhsil almaq üçün ən çox müraciət edilən ölkə Türkiyədir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2025-ci ilin avqustunda açıqladığı məlumata əsasən, Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır.
Həm dövlət, həm də şəxsi vəsaitlə gedənlərin 1-ci seçimi Türkiyədir. Dil və mədəniyyət yaxınlığı bu seçimdə əsas rol oynayır. Türkiyədə təhsil üçün qəbul şərtləri də əlçatandır. SAT, YÖS imtahanları və ya bəzi universitetlərdə birbaşa attestatla qəbul imkanlarının olması da Türkiyədə təhsilə marağı artırır.
İkinci sırada Rusiyadır. Burada təhsil alanların sayı təxminən 10 mindir.
Sıralamada növbəti yerləri Böyük Britaniya (2 min tələbə), Polşa (1500 tələbə), Almaniya (1200 tələbə) tutur.
Bu ölkələrdən başqa İtaliya, Macarıstan, Ukraynada da tələbə alanlar çoxdur.
İradə Elsevər






