Ukraynanın Aİ-yə üzvlük yolunda yeni addım – Macarıstanla razılıq
Ukrayna parlamenti milli azlıqların hüquqlarının qorunmasını gücləndirən qanun qəbul edib.
Bu addım Kiyevlə Budapeşt arasında illərdir davam edən mübahisənin yumşalmasına və Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarında irəliləyiş əldə etməsinə şərait yarada bilər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsi Ukrayna Ali Radasında 450 deputatdan 266-nın dəstəyi ilə qəbul edilib. Sənəd milli azlıqların dillərindən məktəblərdə və mədəni tədbirlərdə istifadə imkanlarının qorunmasını nəzərdə tutur.
Ukraynanın Zakarpatye vilayətində yaşayan təxminən 100 min etnik macar məsələsi uzun müddətdir iki ölkə arasında gərginliyə səbəb olur. Macarıstanın keçmiş baş naziri Viktor Orbanın rəhbərlik etdiyi hökumət 2023-cü ildən bu mübahisəni əsas gətirərək Ukraynanın Aİ-yə üzvlük danışıqlarında irəliləyişə mane olurdu.
İyunda Macarıstanın yeni baş naziri Peter Magyar Ukrayna ilə 11 bənddən ibarət fəaliyyət planı barədə razılığa gəlib və üzvlük danışıqlarının ilk iki istiqamətinin açılmasına qoyulan vetonu aradan qaldırıb. Bununla belə, Budapeşt növbəti mərhələlərdə irəliləyiş üçün milli azlıqların hüquqları ilə bağlı qanunun qəbulunu şərt kimi irəli sürüb.
Yeni qanunun qəbulundan sonra diplomatlar Macarıstanın çərşənbə axşamı keçiriləcək hökumətlərarası konfransda Aİ-yə üzvlük danışıqlarının daxili bazar və rəqabət qabiliyyətini əhatə edən daha iki istiqamətinin açılmasını dəstəkləyəcəyini gözləyirlər.
Magyar və Zelenski arasında görüş keçirilə bilər
Qanunun qəbulu Macarıstanın baş naziri Peter Magyarla Ukrayna Prezidenti Volodimir Zelenski arasında ilk ikitərəfli görüşün keçirilməsi ehtimalını da artırıb. Magyar həftəsonu bildirib ki, iki lider cümə axşamı Brüsseldə keçiriləcək Avropa Şurasının sammiti çərçivəsində görüşə bilər. Əvvəlki görüş planı milli azlıqların hüquqları məsələsində irəliləyiş əldə olunması şərti ilə təxirə salınmışdı.
Viktor Orbanın hakimiyyəti dövründə Macarıstan və Ukrayna arasında münasibətlər kəskin pisləşmiş, Budapeşt Kiyevin Aİ-yə üzvlük cəhdlərinə dəfələrlə mane olmuşdu. Apreldə keçirilən seçkilərdə qələbə qazanan və mayda vəzifəsinin icrasına başlayan Magyar isə Ukrayna ilə münasibətlərdə daha praqmatik siyasət yürüdəcəyini vəd edib.
Bununla belə, iki ölkə arasında fikir ayrılıqları qalır. Sentyabrda Magyar Ukraynanın xarici işlər naziri Andrey Sıbiha ilə Zakarpatye bölgəsinin inkişafına həsr olunan sammitdə Macarıstanın iştirakçı kimi göstərilməsi məsələsində mübahisə edib. Magyar bunun onun razılığı olmadan edildiyini bildirib, Sıbiha isə onu Orbanın ritorikasını təkrarlamaqda ittiham edib.
Fatimə
Sfera.az






