Gecə bu vərdişdən uzaq durun – Yuxunuzu poza bilər

Gecə yatmazdan əvvəl telefondan uzun müddət istifadə etmək yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər. Xüsusilə sosial şəbəkələrdə vaxt keçirmək, mesajlaşmaq və videolara baxmaq beynin yuxuya hazırlanmasını çətinləşdirə bilər.
Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, telefon və digər elektron cihazların ekranından yayılan işıq orqanizmin yuxu-oyanıqlıq ritminə təsir göstərə bilər. Bundan əlavə, gecə saatlarında sosial şəbəkələrdən istifadə və emosional məzmun beynin aktivliyini artıraraq insanın rahat şəkildə yuxuya getməsinə mane ola bilər.
Yuxu mütəxəssisləri yatmazdan ən azı 30-60 dəqiqə əvvəl telefon, planşet və kompüterdən uzaqlaşmağı tövsiyə edirlər. Bu müddətdə kitab oxumaq, sakit musiqi dinləmək və ya işıqları azaltmaq kimi rahatladıcı fəaliyyətlərə üstünlük vermək yuxuya keçidi asanlaşdıra bilər.
Mütəxəssislər həmçinin hər gün eyni saatlarda yatıb-durmağın və yataq otağını qaranlıq, sakit və sərin saxlamağın yuxu keyfiyyətinə müsbət təsir etdiyini bildirirlər.
Mənsumə






