Rusiya Avropa ilə müharibə edəcək? – Moskva güzəşt etmək istəmir
Rusiya ilə Avropa arasında münasibətlər Ukrayna müharibəsi fonunda daha da gərginləşib. Kreml Ukrayna münaqişəsinin nizamlanması və Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı Moskvanın tələblərinin nəzərə alınmasını istəyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Avropa ilə razılaşma əldə olunmayacağı təqdirdə Moskvanın qarşıya qoyduğu məqsədlərə güc yolu ilə nail olacağını bildirib. Bu açıqlama Rusiyanın Ukraynadan kənarda hansı addımlara əl ata biləcəyi və Avropa ilə birbaşa hərbi qarşıdurma ehtimalı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bəs Moskvanın NATO ilə mümkün qarşıdurmaya gedəcək hərbi və iqtisadi resursları varmı? Avropada yeni münaqişə ocaqlarının yaranması realdırmı?
Mövzu ilə bağlı politoloq Natiq Miri Sfera.az-a açıqlama verib və bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibədə qarşıya qoyduğu ilkin məqsədlərə nail ola bilməməsi Moskvanın hərbi imkanları ilə bağlı ciddi suallar yaradır.
Onun sözlərinə görə, Rusiya Ukraynanı tamamilə işğal edərək orada özünə bağlı hakimiyyət formalaşdırmaq, bununla da NATO-nun genişlənməsinin qarşısını almaq və təsir dairəsini genişləndirmək istəyirdi.
"Lakin bu plan reallaşmayıb və müharibə artıq beşinci ilə yaxınlaşır", - deyən politoloq qeyd edib ki, Rusiya özünün təsir dairəsi hesab etdiyi postsovet məkanındakı Ukraynada belə hərbi məqsədlərinə nail ola bilməyib.
O, mövcud vəziyyəti Rusiyanın qlobal güc iddiaları baxımından ciddi uğursuzluq kimi qiymətləndirib:
“İkinci Dünya müharibəsində SSRİ-nin Hitler Almaniyasına qarşı apardığı müharibənin müddəti ilə müqayisədə Ukrayna müharibəsinin bu qədər uzanması diqqətçəkən məqamdır. Həmin vaxt az qala bütün Avropanı işğal etmiş güclü Almaniyaya qarşı mübarizə aparılırdı. İndi isə söhbət Rusiyanın özünün arxa bağçası hesab etdiyi Ukraynadan gedir. Buna baxmayaraq, Moskva qarşıya qoyduğu məqsədlərə nail ola bilmir”.
N.Mirinin fikrincə, Rusiyanın hazırkı vəziyyətdə Avropa İttifaqına qarşı yeni müharibəyə başlaması real görünmür:
"Çünki belə bir qarşıdurma faktiki olaraq NATO ilə müharibə deməkdir. Ukrayna cəbhəsində ciddi itkilərlə üzləşən Rusiyanın Avropa ilə genişmiqyaslı müharibə aparmaq üçün əlavə hərbi resursları məhduddur. Moskvanın hazırda Avropaya qarşı istifadə edə bildiyi əsas vasitələrdən biri hibrid müharibədir. Buraya dronlarla bağlı təhdidlər, hərbi sənaye müəssisələrində, dəmir yollarında və digər strateji infrastrukturlarda təxribatlar daxildir. Bu cür fəaliyyətlər açıq hərbi qarşıdurmadan fərqli olaraq, əsasən gizli şəkildə həyata keçirilir və birbaşa etiraf olunmur”.

Politoloq Rusiyanın Avropaya qarşı daha genişmiqyaslı hərbi addımlar atmaq imkanlarını məhdudlaşdıran digər amil kimi iqtisadi vəziyyətə də diqqət çəkib:
“Moskvanın müharibəni davam etdirmək üçün əsas maliyyə mənbələrindən biri neft və qaz satışıdır. Lakin Ukraynanın Rusiyanın enerji infrastrukturuna, o cümlədən neft emalı zavodlarına endirdiyi zərbələr ölkənin istehsal və ixrac imkanlarına təsir göstərir.
Qərbin enerji daşıyıcılarının satışına və digər iqtisadi sahələrə qarşı sanksiyaları sərtləşdirməsi Rusiyanın maliyyə imkanlarını daha da məhdudlaşdıra bilər. Hazırda ABŞ və Avropa arasında Rusiya ilə bağlı vahid mövqenin olmaması Moskvanın müəyyən qədər iqtisadi manevr imkanlarını qorumasına şərait yaradır.
Avropa ilə birbaşa müharibə Rusiyanın onsuz da məhdudlaşan maliyyə və hərbi resurslarını daha da tükədə bilər”.
İradə Elsevər






