Əməliyyatdan sonra görmə qabiliyyəti dəyişdi: Hamını pişiyə oxşadır
ABŞ-də 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra insanların üzündə ev heyvanı olan pişiyinin cizgilərini görməyə başlayıb.
Sfera.az xəbər verir ki, bu qeyri-adi hal artıq iki ildir davam edir.
Karl adlı şəxs beyində qanaxmaya səbəb ola biləcək damar anomaliyasının (arteriovenoz malformasiya) aradan qaldırılması üçün əməliyyat keçirib. Görmə pozuntuları isə məhz əməliyyatdan sonra yaranıb.
ABŞ-nin Dartmut Kolleci və Brigham və Qadın Xəstəxanasının tədqiqatçıları tərəfindən araşdırılan bu klinik hal “Cortex” elmi jurnalında dərc olunub.
Mütəxəssislərin məlumatına görə, Karl insan üzlərinə baxarkən onların cizgilərində Luna adlı pişiyinin xüsusiyyətlərini görür. Bu epizodlar adətən bir neçə saat davam edir, bəzi hallarda isə bütün gün müşahidə olunur.
Tədqiqatçılar hesab edirlər ki, bu vəziyyət beynin üzləri tanıma və vizual məlumatları emal etmə mexanizmləri ilə əlaqəli ola bilər. Karlın əməliyyatı zamanı beynin üzlərin tanınmasında mühüm rol oynayan sağ temporal lobunun bir hissəsi çıxarılıb.
Dartmut Kollecinin psixoloqu və beyin elmləri üzrə mütəxəssis Bred Duşenin fikrincə, yaddaşda saxlanılan vizual xüsusiyyətlər insanın cari görüntü qavrayışına təsir göstərə bilər. Bu cür pozuntu elmi ədəbiyyatda prosopometamorfopsiya adlanır. Bu vəziyyətdə insanlar üzləri təhrif olunmuş və ya qeyri-adi xüsusiyyətlərlə qavrayırlar.
Araşdırmanın diqqətçəkən tərəflərindən biri də süni intellekt texnologiyalarından istifadə olunmasıdır. Tədqiqatçılar Karl ilə birlikdə onun gördüyü görüntüləri vizuallaşdırmaq üçün süni intellekt alətlərindən yararlanıblar. Məqsəd xəstənin yaşadığı qavrama pozuntusunu mümkün qədər dəqiq təsvir etmək olub.
İradə Elsevər




