Büdcədə 5 milyard manat qalıb - Bu vəsait niyə xərclənmir?
“Azərbaycanda büdcə xərclərinin azaldılması və dövlət vəsaitlərinin iqtisadiyyata yönəldilməməsi iqtisadi fəallığın zəifləməsinə səbəb olur. Mövcud iqtisadi model dəyişdirilmədən qənaət rejiminə keçilməsi isə ÜDM-in artım tempinə və əhalinin gəlirlərinə mənfi təsir göstərir”.
Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib.
İqtisadçı bildirib ki, Azərbaycanda iqtisadi aktivliyin əsas hərəkətverici qüvvəsi uzun illərdir dövlət büdcəsinin xərcləri olub:
“Büdcə xərcləri həmişə aktivliyi stimullaşdırıb, əlavə dəyər yaratmağa kömək edib, ÜDM artımının əsas drayveri olub. Bu primitiv modeli dəyişmədən büdcə qənaəti rejiminə keçmək çox böyük yanlışdır, bu gün iqtisadiyyatda baş verən süstlüyün əsas səbəblərindən biridir”.

İqtisadçı bildirib ki, 2026-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsində 5 milyard manata yaxın profisit yaranıb:
“2026-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsində 4 milyard 808,2 milyon manat profisit yaranıb, bu ötən ilin eyni dövründən 21,3 faiz çoxdur. Büdcə gəlirləri 33 milyard 569,6 milyon manat, xərcləri isə 28 milyard 761,4 milyon manat təşkil edib. Maliyyə Nazirliyi bu il qəribə bir praktikaya əl atdı, xəzinədə yaranan profisiti, yəni, layihələrə qırıq-qırıq pul ayırmaqla “qənaət etdiyi” vəsaitin bir qismini banklara depozitə də qoydu. Bu isə tam mənasız yanaşma idi”.
N.Cəfərli hesab edir ki, büdcəyə toplanan vəsaitin xərclənməməsi iqtisadi canlanmanın qarşısını alır:
“Vergi-rüsum-cərimə artımı ilə vətəndaş və biznes yüklənir, büdcəyə pul daxil olması artır, hökumət isə yığdığını xərcləmir, iqtisadiyyata buraxmır ki, əlavə dəyər yaranması sürətlənsin, iqtisadiyyat canlansın.
10 milyon manatlıq məktəb tikintisi material istehsalçılarından tutmuş daşıma, təmir, ticarət və xidmət sahələrinə qədər geniş iqtisadi aktivlik yaradır. Məktəbi tikən usta, fəhlə maaş alır- qazanır. Yaxşı, bu qədər insan qazandığı pulu nə edir? Bəli, gedir marketə ərzaq alır - ərzaq satan qazanır, ərzağı gətirən və ya istehsal edən qazanır”.
Şahanə Ziyad






