Logo

Bu müavinət 258 manata çatdırılmalıdır - İqtisadçıdan TƏKLİF

Bu müavinət 258 manata çatdırılmalıdır - İqtisadçıdan TƏKLİF
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 180 398 nəfərə çatıb. Onların 40,8 faizini kişilər, 59,2 faizini isə qadınlar təşkil edir. Hazırda bu kateqoriyadan olan vətəndaşlara ayda cəmi 220 manat müavinət ödənilir. Halbuki gələn il pensiyaçılar üçün yaşayış minimumu 258 manat olacaq. Bu isə o deməkdir ki, yaşa görə müavinət yaşayış minimumundan xeyli aşağı qalacaq.

Belə olan halda, yeni ildən yaşa görə müavinətin nə qədər artırılması doğru olardı?

İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında yaşa görə aylıq sosial müavinət alanların sayının 180 min nəfəri ötməsini mövcud mexanizmlə əlaqələndirib:

“İldən-ilə əmək pensiyası alanların sayı azalır, sosial müavinət alanların sayı isə artır. Bu, pensiya sistemindəki problemlərin və sosial sığorta mexanizminin vətəndaşların bir hissəsi üçün öz funksiyasını yerinə yetirmədiyinin açıq göstəricisidir. İnsan illərlə işləyir, əməkhaqqı alır, hər ay qazancından sosial sığorta haqqı ödəyir. Pensiya yaşına çatanda isə ona deyirlər ki, minimum pensiya kapitalın yoxdur və ya sığorta stajın kifayət etmir. Nəticədə illərlə əməkhaqqından tutulan vəsait həmin şəxsin daha yüksək pensiya təminatına çevrilmir. Vətəndaş bütün əmək fəaliyyəti dövründə ödəniş edir, qocalıq dövründə isə 220 manatla kifayətlənməli olur. Bu, ciddi sosial ədalətsizlikdir”.

Bu müavinət 258 manata çatdırılmalıdır - İqtisadçıdan TƏKLİF

Asif İbrahimov əmək pensiyası yaşına çatmadan vəfat edən insanların da pensiya təminatından yararlana bilməməsinin ayrıca problem olduğunu qeyd edib:

“220 manatın bugünkü iqtisadi reallıqla heç bir əlaqəsi yoxdur. Bu məbləğ hansı meyarla hesablanıb? Hansı istehlak səbətinə, hansı yaşayış xərclərinə, hansı iqtisadi göstəricilərə əsaslanır? 2027-ci ildə pensiyaçılar üçün yaşayış minimumu 258 manat olacaq, yaşa görə sosial müavinət isə bundan da aşağı — 220 manat səviyyəsində qalacaq. Bu yanaşma ilə yaşlı insanın hansı ehtiyacını qarşılamaq mümkündür?”.

İqtisadçı hesab edir ki, yaşa görə sosial müavinətin məbləği birmənalı olaraq orta əməkhaqqına nisbətdə yenidən müəyyən edilməlidir:

“Hər il orta əməkhaqqının artımına uyğun indeksasiya aparılmalıdır. Bu gün orta əməkhaqqı alan statistik Azərbaycan vətəndaşı qazancının 60 faizindən çoxunu ərzağa, qalan hissəsinin böyük bölümünü isə kommunal xidmətlərə və digər zəruri xərclərə ödəyir. Belə bir iqtisadi şəraitdə heç bir əlavə gəliri olmayan yaşlı insanın 220 manatla yaşamasını gözləmək hansı məntiqə əsaslanır?”.

İqtisadçı bildirib ki, yaşa görə müavinət yaşayış minimumundan az olmamalıdır:

“180 min insanın 220 manatla yaşaması ciddi sosial problemdir. Yaşa görə sosial müavinət ən azı pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumuna çatdırılmalı, sonrakı artımlar isə orta əməkhaqqının dinamikasına bağlanmalıdır. Əmək pensiyası hüququ əldə edə bilməyən vətəndaşların qocalıq dövründə yoxsulluğa məhkum edilməsi sosial müdafiə sisteminin qəbul edilə bilən nəticəsi deyil”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR