Gözləriniz əsl yaşınızı göstərə bilər

Gözləriniz əsl yaşınızı göstərə bilər
Kateqoriya məlum deyil
T

Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub.

Sfera.az xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişanı (retinanı) süni intellekt vasitəsilə analiz edən yeni üsul hazırlayıblar. Araşdırma nəticələri bu texnologiyanın insanın bioloji yaşlanma sürəti və bəzi sağlamlıq riskləri barədə məlumat verə biləcəyini göstərib.

Tədqiqat çərçivəsində təxminən 30 min retina görüntüsü ilə təlim keçən süni intellekt sistemi daha sonra 15 minə yaxın göz görüntüsü üzərində sınaqdan keçirilib. Modelin insanların xronoloji yaşını orta hesabla 2,5–2,7 il xəta ilə müəyyən etdiyi bildirilib.

Araşdırmada insanın təqvim yaşı ilə retinanın göstərdiyi bioloji yaş arasındakı fərqi ifadə edən “Retina Yaş Fərqi” göstəricisinin həyat tərzi və xroniki xəstəliklərlə əlaqəli olduğu müəyyənləşdirilib.

Nəticələrə görə, şəkərli diabeti olan insanların retinası xronoloji yaşından orta hesabla 2,52 il daha yaşlı görünür. Siqaret istifadəsinin retinanın bioloji yaşına təxminən 0,5 il, sarı nöqtə xəstəliyinin isə 0,6 il əlavə etdiyi müəyyən edilib.

Tədqiqatçılar retinanın damar quruluşuna görə beyin və ürək-damar sistemi ilə sıx əlaqəli olduğunu vurğulayıblar. Onların fikrincə, süni intellekt əsaslı bu texnologiya gələcəkdə rutin göz müayinələrinin bir hissəsinə çevrilə bilər.

Mütəxəssislər göz dibinin müayinəsinin yalnız görmə problemlərini müəyyənləşdirməklə məhdudlaşmadığını, eyni zamanda orqanizmdə erkən yaşlanma əlamətlərinin, ürək-damar risklərinin və hələ klinik simptom yaratmayan bəzi sistemik xəstəliklərin aşkarlanmasında faydalı göstərici ola biləcəyini bildirirlər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR