Aİ-dən qərar: Avtomobil vergilərini artırın

Aİ-dən qərar: Avtomobil vergilərini artırın
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) İngiltərədən Çin mənşəli avtomobillərə tətbiq olunan gömrük vergilərini artırmağı və ticarət siyasətini Aİ qaydaları ilə daha çox uyğunlaşdırmağı tələb edib.

Sfera.az xəbər verir ki, “Reuters”in yaydığı məlumata görə, Brüssel Londonun Çin istehsalı avtomobillərə tətbiq etdiyi gömrük tariflərini artırmasını, həmçinin əsas ixrac məhsullarının Aİ-nin “Avropada istehsal olunub” qaydaları çərçivəsində məhdudiyyətlərlə üzləşməməsi üçün Aİ-nin ticarət siyasətinə daha uyğun hərəkət etməsini istəyib.

Məlumata görə, Brüssel bu mövqeyi Londonun İngiltərə məhsullarına Aİ daxilində digər ölkələrin məhsulları ilə bərabər münasibət göstərilməsi ilə bağlı təşəbbüslərinə cavab olaraq ifadə edib.

Aİ hesab edir ki, ən optimal həll İngiltərənin yenidən Aİ Gömrük İttifaqına qoşulmasıdır.

Aİ rəsmilərindən biri “Financial Times” qəzetinə açıqlamasında bildirib ki, gömrük ittifaqı “Avropada istehsal olunub” qaydalarından irəli gələn problemlərin böyük hissəsini həll edə bilər. Onun sözlərinə görə, bu, həmçinin Çinin məhsullarını İngiltərə üzərindən keçirərək Aİ-nin tətbiq etdiyi tariflərdən yayınması ilə bağlı narahatlığı da aradan qaldıracaq.

İngiltərə tərəfi isə Aİ-nin hazırladığı “Made in EU” (“Aİ-də istehsal olunub”) qaydaları çərçivəsində etibarlı tərəfdaş kimi tanınmaq istəyir.

İngiltərə rəhbərliyi ölkənin bu sistemdən kənarda qalmasının yerli avtomobil sənayesinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

“Avropada istehsal olunub” siyasəti Avropada istehsal edilən mallara üstünlük verməklə Çin mənşəli komponentlərdən asılılığın azaldılmasını hədəfləyir. Bu yanaşma Aİ-nin təchizat zəncirinə komponentlər verən və ittifaq ölkələrinə avtomobil ixrac edən İngiltərə avtomobil sənayesində narahatlıq yaradıb.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen bu ay Avropa Parlamentində çıxışı zamanı Pekinlə ticarətdə yaranan və artıq “davamlı olmayan” səviyyəyə çatdığını bildirdiyi kəsiri azaltmaq üçün mövcud bütün vasitələrdən istifadə edəcəklərini açıqlayıb. Onun sözlərinə görə, Aİ ilə Çin arasındakı gündəlik ticarət kəsiri 1,18 milyard avroya çatıb.

Məlumatlara əsasən, Aİ ölkələrində Çin istehsalı hibrid avtomobillərin satışı son illərdə kəskin artıb. Bu da Brüsseldə Avropa avtomobil sənayesinin gələcəyi ilə bağlı narahatlıqları gücləndirib.

2022-ci ildə Aİ ölkələrində cəmi 659 Çin istehsalı tam hibrid avtomobil satıldığı halda, bu ilin ilk yeddi ayında həmin göstərici 160 min 662 ədədə çatıb. Çin istehsalı plug-in hibrid avtomobillərin satışında da ciddi artım qeydə alınıb. Bu kateqoriyada satışlar 2022-ci ildəki 56 min 706 ədəddən 2026-cı ilin yanvar-iyul aylarında 217 min 764 ədədə yüksəlib.

Çin mənşəli hibrid avtomobillərin Aİ bazarında payının artması Avropa avtomobil istehsalçılarını və Brüssel rəhbərliyini tədbirlər görməyə sövq edib.

Aİ Pekindən hibrid avtomobillərin ixracını könüllü şəkildə azaltmasını tələb edib. Əks halda, kvota tətbiqi də daxil olmaqla müxtəlif qoruyucu tədbirlərin görülə biləcəyi bildirilib.

Almaniyanın avtomobil sənayesi də Çin istehsalı hibrid avtomobillərə xüsusi gömrük rüsumlarının tətbiqini nəzərdən keçirməyə hazır olduğuna dair ilk dəfə siqnal verib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR