Trampdan dəstək: “O, yaxşı insandır”
ABŞ Prezidenti Donald Tramp Nvidia şirkətinin baş direktoru Censen Huana dəstək verib. Şirkət rəhbəri Çin lehinə casusluqda şübhəli bilinən qadınla münasibətdə olması barədə yayılan məlumatlarla gündəmə gəlib.
Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Tramp Huangu yaxşı insan adlandırıb və onun baş verənlərlə bağlı öz izahının ola biləcəyini bildirib.
“Mən onunla bu barədə danışmamışam. Sadəcə yaxşı insan olduğunu bilirəm, amma nələrin baş verə biləcəyini heç vaxt bilmirsən”, – deyə ABŞ prezidenti qeyd edib.
Ağ Ev rəhbəri Huanga vəzifəsində qalmağı tövsiyə etdiyini də bildirib. Onun sözlərinə görə, şirkət rəhbərinin qınanılacaq hər hansı hərəkət etdiyini eşitməyib.
Tramp qarşıdakı həftə Çinə səfəri zamanı Censen Huangı özü ilə aparıb-aparmayacağı ilə bağlı suala da müsbət cavab verib.
Xatırladaq ki, daha əvvəl dünyanın ən varlı şəxslərindən biri olan Huangın nikahdankənar münasibətini etiraf etdiyi barədə məlumat yayılmışdı. KİV-lərin iddiasına görə, onun münasibətdə olduğu qadın Sinqapurun “Megaspeed” şirkətinin rəhbəri Elis Huangdır. Şirkət Nvidia-nın Cənub-Şərqi Asiyadakı böyük müştərilərindən biridir.
“The New York Times” nəşri oktyabr ayında onların münasibətlərinin bir neçə il davam etdiyini yazıb. Çin mediası isə casusluqla bağlı iddiaları spekulyativ məlumatlar adlandıraraq tənqid edib.
Censen Huang baş verənlərə görə məsuliyyəti üzərinə götürdüyünü bildirib və şirkət daxilində aparılan araşdırma ilə tam əməkdaşlıq edəcəyini açıqlayıb.
Qeyd edək ki, onun etirafından sonra Nvidia səhmlərinin qiyməti birjaöncəsi ticarətdə ucuzlaşıb.
Fatimə
Sfera.az






