Yeməkdən sonra bu səhvi etməyin: Mədə yanmasını gücləndirə bilər
Qastroenteroloqlar mədə yanması və turşu reflüksündən əziyyət çəkən insanlara “üç saat qaydası”na əməl etməyi məsləhət görüblər.
Sfera.az xəbər verir ki, bu barədə qastroenteroloqlar Pratima Dibba və Endryu Mur “Parade” nəşrinə açıqlamalarında bildiriblər.
Pratima Dibbanın sözlərinə görə, yeməkdən sonra ən azı üç saat uzanmamaq mədə yanmasının qarşısını almağa kömək edə bilər.
Həkim bildirib ki, yeməkdən sonra yatmazdan əvvəl ən azı üç saat dik vəziyyətdə qalmaq mədənin qidanı həzm etməsi və boşalması üçün vaxt yaradır. Bu müddətdə cazibə qüvvəsi də mədə möhtəviyyatının aşağıya doğru hərəkət etməsinə kömək edir. Əksinə, yeməkdən dərhal sonra uzanmaq turşunun qida borusuna geri qayıtmasını və yanma hissini gücləndirə bilər.
Digər qastroenteroloq Endryu Mur isə bu qaydaya xüsusilə reflüks səbəbindən yuxu problemi yaşayan insanların diqqət etməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, mədə turşusunun qida borusuna keçməsi nəticəsində yaranan ağrı yuxuya getməyi çətinləşdirə, gecə baş verən təkrar yanma tutmaları isə insanın yuxudan oyanmasına səbəb ola bilər.
Həkim əlavə edib ki, axşam yeməyində həddindən artıq qida qəbul edildikdə və ya bəzi dərmanların təsiri ilə mədənin boşalması ləngidikdə həzm prosesi üç saatdan daha uzun çəkə bilər.
Qeyd edək ki, mədə yanması tez-tez təkrarlanırsa və ya gecələr yuxuya ciddi təsir edirsə, həkimə müraciət etmək tövsiyə olunur.
Fatimə
Sfera.az






