Aİ rəhbəri Zelenski ilə danışdı
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Rumıniya və Bolqarıstana səfəri ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Sfera.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Qara dəniz regionundakı təhlükəsizlik vəziyyətini, atəşkəs məsələsini və Əbu-Dabidə keçiriləcək qarşıdakı danışıqları müzakirə ediblər.
Fon der Leyen Qara dənizdə gəmiçilik azadlığının bərpasının və qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin Zelenskinin ərzaq və enerji infrastrukturuna qarşı hücumların dayandırılması ilə bağlı çağırışını dəstəklədiyini bildirib.
“Biz sülhə nail olmaq üçün hazırda görülən işləri və bu həftə Əbu-Dabidə keçiriləcək danışıqları da müzakirə etdik. Avropa İttifaqı həmin görüşdə tərəfdaşlarımızla birlikdə təmsil olunacaq”, – deyə fon der Leyenin açıqlamasında bildirilib.
Bundan başqa, Avropa Komissiyasının rəhbəri bu həftənin sonunda Dublində Zelenski ilə görüşməyi planlaşdırdığını qeyd edib. Görüşdə sülhə nail olmaq üçün atılacaq növbəti addımlar müzakirə olunacaq.
Qeyd edək ki, noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin iclası, noyabrın 13-də isə Avropa İttifaqının qeyri-rəsmi sammiti keçiriləcək.
Xatırladaq ki, noyabrın 5-də Ursula fon der Leyen Ukraynanın sülh danışıqlarında güclü mövqedən çıxış edə bilməsi üçün ona hərbi dəstəyin davam etdirilməsinin vacibliyini bildirmişdi.
Fatimə
Sfera.az






