Gecə yatağın yanındakı telefona diqqət!

Gecə yatarkən zəif işığa məruz qalmağın ürək sağlamlığına təsir göstərə biləcəyi müəyyənləşib. 11 mindən çox insanın iştirak etdiyi araşdırmada telefon ekranından, qapı arasından və ya digər mənbələrdən gələn zəif işığın ürəyin quruluşunda dəyişikliklərlə əlaqəli olduğu aşkarlanıb.
Sfera.az xəbər verir ki, “European Heart Journal” jurnalında dərc olunan araşdırmada iştirakçılar bir həftə ərzində müxtəlif səviyyələrdə gecə işığına məruz qalıblar. Üç il sonra onların ürək-damar sistemi maqnit-rezonans müayinəsi ilə yoxlanılıb.
Nəticələr gecə vaxtı daha çox işığa məruz qalan insanlarda ürəyin sol mədəciyinin divarlarının qalınlaşdığını və mədəcik daxilindəki boşluğun daraldığını göstərib. Bundan başqa, ürəyin hər döyüntü zamanı genişlənmə qabiliyyətinin azaldığı müşahidə olunub. Tədqiqatçılar bunun ürək funksiyasındakı pozuntuların erkən əlamətlərindən biri ola biləcəyini bildiriblər.
Mütəxəssislərin fikrincə, uzun müddət gecə işığına məruz qalmaq ürəyə əlavə yük yarada bilər. Buna görə də yataq otağının mümkün qədər qaranlıq saxlanılması, elektron cihazların üzərindəki kiçik işıqların söndürülməsi və qalın pərdələrdən istifadə tövsiyə olunur.
Araşdırma müəllifləri həmçinin küçə işıqlandırmasından yaranan işıq çirkliliyinin azaldılmasının da vacibliyini vurğulayıblar.
Mənsumə






