Repetitorsuz hazırlıq qeyri-mümkündür? - "İmtahanlar ağırdır"

Repetitorsuz hazırlıq qeyri-mümkündür? - "İmtahanlar ağırdır"
Kateqoriya məlum deyil
T

Yeni tədris ilinin başlaması ilə məktəblə yanaşı, repetitor xidmətlərinə tələbat da artır. Xüsusilə 9 və 11-ci sinif şagirdlərinin buraxılış və qəbul imtahanlarına hazırlığı ailələr üçün əlavə vəsait tələb edir. Fənlərin sayından və müəllimlərin təyin etdiy hazırlıq qiymətlərindən asılı olaraq aylıq repetitor xərcləri ciddi məbləğə çata, bir şagirdin hazırlığı isə ailə büdcəsində əhəmiyyətli maliyyə yükü yarada bilər.

Təhsil eksperti Məzahir Məmmədli Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda repetitorluq geniş yayıldığından onun qarşısını yaxın vaxtlarda tam almaq mümkün olmayacaq.

Onun sözlərinə görə, repetitor xərcləri ailə büdcəsi üçün ciddi yük yaradır:

“Azərbaycanda repetitorluq çox geniş vüsət alıb. Bunun qarşısını yaxın vaxtlarda almaq mümkün olmayacaq. Ümumilikdə, ailə büdcəsi üçün, əlbəttə ki, çox böyük xərcdir. Hər fənn üzrə 80-150 manat hazırlıq pulu lazımdır. Populyar müəllimlər isə fərdi məşğələlər zamanı bu məbləği 300 manata qədər çatdıra bilirlər. Nəzərə alsaq ki, gələcək abituriyent 5 fənn üzrə hazırlaşmalıdır, bu riyazi hesablamanı aparan hər kəsə mənzərə aydın olacaq”.

Ekspert qeyd edib ki, Azərbaycanda repetitorluğun geniş yayılmasının əsas səbəbi ali təhsil müəssisələrinə qəbul prosesi ilə bağlıdır:

“Azərbaycanda repetitorluğun vüsət alması ancaq ali təhsil müəssisələrinə qəbulla bağlıdır. Ali təhsil müəssisələrinə qəbul qaydaları o qədər ağırlaşıb ki, repetitor yanına getmədən hazırlaşmaq mümkün deyil. Digər tərəfdən, Dövlət İmtahan Mərkəzinin alternativ dərs vəsaitləri var. Həmin vəsaitlərdən istifadə etmədən də ali təhsil müəssisələrinə yüksək nəticələr göstərmək mümkün olmur”.

M.Məmmədlinin fikrincə, repetitorluqdan asılılığın azaldılması istiqamətində müəyyən addımlar atılır. Onun sözlərinə görə, təmayül siniflərinin yaradılması bu istiqamətdə tətbiq olunan vasitələrdən biridir:

“Repetitorluğa tələbi azaltmaq üçün müəyyən addımlar atılır. Bunlardan biri də təmayül siniflərinin formalaşması və pilot layihə kimi həyata keçirilməsi idi. Bu model yaxşı nəticə verdiyinə görə artıq Bakı şəhərində də bu ildən 30-dan artıq məktəb təmayül sinifləri modelinə keçib. Burada müəllim və şagird seçimi də başa çatıb”.

Ekspertin fikrincə, təmayül siniflərinin ölkə üzrə genişləndirilməsi repetitorluqdan asılılığın müəyyən qədər azalmasına imkan verə bilər:

“Bu, Azərbaycanda təmayül siniflərinin repetitorluğun qismən də olsa qarşısını almaq üçün bir vasitə olduğunu göstərir. Pilot layihə kimi özünü təsdiqlədiyinə görə bu imkanlar genişləndirilir. Gələcəkdə bu model respublikanı əhatə etsə, düşünürəm ki, repetitorluğun tam qarşısını almasa da, ondan asılılığı müəyyən qədər yüngülləşdirə bilər”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR