Azərbaycan bankları vəsait bolluğu ilə üzləşib - Kreditlər ucuzlaşacaq?
Azərbaycanın bank sektorunda izafi vəsaitlərin həcmi artmaqda davam edir. Məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonuna 6,2 milyard manata çatıb. Bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə 2,2 dəfə artıb.
Bəs banklarda izafi vəsaitlərin artması nədən qaynaqlanır? Bu vəziyyət kredit faizlərinə və kredit götürmək istəyən vətəndaşların imkanlarına necə təsir edə bilər?
Bank eksperti Emin Kərimov Sfera.az-a açıqlamasında bildirib ki, kredit portfelinin formalaşması və bankların gəlirləri əvvəlki illərdə verilmiş kreditlərdən, depozitlərin həcmindən və kreditlər üzrə daxilolmalardan birbaşa asılıdır.
Onun sözlərinə görə, bankların kreditləşmə imkanlarının genişlənməsində hüquqi və fiziki şəxslərin depozitləri, eləcə də Maliyyə Nazirliyinin banklarda yerləşdirdiyi vəsaitlər mühüm rol oynayır:
“Kreditlər üzrə geri ödənişlər və komissiya daxilolmaları da bankların maliyyə resurslarının formalaşmasına töhfə verir. Kredit portfelinin idarə edilməsində tənzimləyici tələblər xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, borcalanların gəlirləri ilə öhdəlikləri arasındakı nisbəti nəzərə alan DTI əmsalı və digər məhdudiyyətlər həddindən artıq borclanmanın qarşısının alınmasına xidmət edir.
Bu tələblər kreditlərin daha məqsədyönlü verilməsinə və portfelin keyfiyyətinin qorunmasına imkan yaradır. Əvvəllər daha çox sayda müştəriyə qısa müddətdə böyük həcmdə kredit ayrıldığı halda, hazırda maliyyə resurslarının daha az sayda borcalan arasında və daha uzun müddət ərzində bölüşdürülməsi müşahidə oluna bilər”.

O hesab edir ki, kreditləşmədə bu yanaşma risklərin azaldılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, kredit portfelinin sağlamlaşdırılması bankların gəlirlərinə də təsir göstərə bilər. Ekspertin fikrincə, kreditlərin verilməsinə daha ehtiyatlı yanaşılması gələcək dövrlərdə əldə olunacaq gəlirlərin həcminə təsir edə bilər.
“Bankların maliyyə imkanları və mənfəəti artdıqca kredit bazarında müəyyən yumşalmalar üçün şərait yarana bilər. Bunun üçün əldə olunan vəsaitlərin bir hissəsinin yenidən kreditləşməyə yönəldilməsi, o cümlədən kreditlərin yenidən maliyyələşdirilməsi imkanları nəzərdən keçirilə bilər.
Banklarda izafi vəsaitlərin artması kredit bazarının genişlənməsi üçün potensial yaratsa da, bunun vətəndaşların daha aşağı faizlə kredit əldə etməsinə çevrilməsi bankların qərarlarından, risk qiymətləndirməsindən və tənzimləyici tələblərdən asılı olacaq”, - ekspert bildirib.
İradə Elsevər






