"Hər ağ xalat geyinənə inanmayın" - Diyetoloq gizli təhlükədən danışdı

Azərbaycanda diyetologiya və nutrisiologiya sahəsində çalışan mütəxəssislərin qeydiyyatı aparılacaq və onların fəaliyyətinə nəzarət mexanizmi təkmilləşdiriləcək. Proqrama əsasən, mütəxəssislərin qeydiyyatı və onların ixtisasartırma təlimlərinə cəlb olunması 2027–2032-ci illərdə AQTA, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və TƏBİB tərəfindən icra ediləcək.
Diyetoloq Ləman Süleymanova Sfera.az-a açıqlamasında bildirib ki, son illərdə sosial şəbəkələrdə özünü diyetoloq kimi təqdim edən, lakin tibbi təhsili və müvafiq ixtisası olmayan şəxslərin sayı artıb.
Onun sözlərinə görə, 2011-ci ildən etibarən Azərbaycanda diyetologiyanın inkişafı istiqamətində müəyyən işlər görülüb. Lakin xüsusilə 2019-cu ildən başlayaraq sosial şəbəkələrdə saxta diyetoloq profillərinin çoxalması ciddi problemə çevrilib:
“Bəzi dərman şirkətləri və arıqlama məhsulları satan şəxslər sosial şəbəkələrdə geniş auditoriyaya malik insanlardan istifadə edərək müxtəlif preparatların satışını həyata keçirirlər. Bəzən hətta rəsmi qeydiyyatda olmayan dərman preparatlarının, xaricdən gətirilən və müxtəlif arıqladıcı məhsulların satışı üçün tibbi anlayışı olmayan şəxslərdən istifadə edilir. Onlara faiz vəd olunur, həmin şəxslər də dərmanların satışı üçün müxtəlif şarlatan üsullardan istifadə edərək özlərini diyetoloq kimi təqdim edirlər”.
Diyetoloq deyib ki, bəzi şəxslər kiçik şirkətlər yaradaraq insanları qəbul edir, ağ xalat geyinib bir neçə sual verdikdən sonra müxtəlif kokteyl və arıqlama məhsulları satırlar:
“Özünə qiymət verən insan internetdə, sosial şəbəkədə həkim olmayan şarlatana öz sağlamlığını necə etibar edə bilər? Evdə oturan bir şəxs sosial şəbəkədə “diyetoloq filankəs” adı ilə profil açır, marafon təşkil edir, özündən pəhriz tərtib edib 3, 5, 10 manata insanları həmin proqrama cəlb edir. Bu, biabırçılıqdır. Hər insanın orqanizmi fərqlidir və eyni pəhrizi hər kəsə tətbiq etmək mümkün deyil”.

L.Süleymanovanın fikrincə, peşəkar mütəxəssis ilk növbədə pasiyentdə piylənmənin səbəbini araşdırmalıdır. Bunun üçün hormonal göstəricilər, insulin müqaviməti, qalxanabənzər vəzinin fəaliyyəti, xolesterin, qaraciyər, ginekoloji problemlər və prolaktin səviyyəsi kimi amillər nəzərə alınmalıdır.
O vurğulayıb ki, piylənmənin arxasında müxtəlif metabolik və hormonal pozuntular, eləcə də bəzi zərərli arıqlama preparatlarının istifadəsi dayana bilər:
“Mən piylənmənin kökünü müəyyənləşdirərək pasiyentin yaşadığı iqlimə, iş rejiminə, qidalanmasına və qandakı hormonal göstəricilərinə uyğun fərdi müalicə proqramı təyin edirəm. Qidaların kimyasını bilən mütəxəssis kimi onkoloji xəstələrin, eləcə də uşaqların qidalanması ilə məşğul oluram”.
Diyetoloq uşaqların qidalanmasında da fərdi yanaşmanın vacibliyini qeyd edib. Uşağın menyusunda zülal, yağ, karbohidrat, vitamin və minerallar düzgün nisbətdə tənzimlənməlidir. O hesab edir ki, uşaq həm istədiyi qidaları yeməli, həm də sağlam şəkildə çəki verməlidir:
"Kalorini, duzu və çörəyi kəsməklə bədəndən su itirmək arıqlamaq deyil. Belə yanaşma sonradan çəkinin daha da artmasına səbəb ola bilər. Diyetologiya olduqca həssas elmdir və yanlış tövsiyələr sağlamlıq üçün ciddi fəsadlar yarada bilər. Bəzi trenerlər və tibbi biliyi olmayan şəxslər mədə və onikibarmaq bağırsaq xorası olan insanlara belə düzgün olmayan qidalar və bitki yağları məsləhət görürlər. Bu cür yanaşmalar həkim anlayışının olmamasından xəbər verir. Diyetoloq kimi fəaliyyət göstərmək üçün insan mütləq həkim olmalı və ən azı 5 il staja malik olmalıdır. Çünki şəkərli diabet, piylənmə, ürək-damar və mədə-bağırsaq xəstəlikləri ilə bağlı klinik diyetologiya xüsusi tibbi bilik tələb edir”.
İradə Elsevər







