Onlar məktəblərdə Sİ ilə bağlı məhdudiyyətlər qoyur

Süni intellektin, xüsusilə “ChatGPT kimi” generativ Sİ alətlərinin məktəblərdə istifadəsi dünyada ciddi müzakirələrə səbəb olub.
Bəzi ölkələr bu texnologiyanı təhsilə inteqrasiya etməyə çalışsa da, digərləri uşaqların yaşını, müstəqil düşünmə qabiliyyətini və akademik dürüstlüyü əsas gətirərək istifadəyə məhdudiyyət qoyur.
Sfera.az xəbər verir ki, hazırda bir sıra ölkələrdə məktəblilər üçün süni intellektdən istifadəyə qadağa və ya ciddi məhdudiyyətlər tətbiq edilir. Lakin bu, əksər hallarda bütün məktəblərdə və bütün yaş qrupları üçün tam qadağa anlamına gəlmir.
Bu istiqamətdə ən sərt addımlardan birini Norveç atıb. Norveç hökumətinin 19 iyun 2026-cı il tarixli qərarına əsasən, payız semestrindən etibarən 1-7-ci sinif şagirdlərinin məktəb fəaliyyətlərində süni intellektdən istifadə etməməsi əsas qayda olacaq. Ölkənin Təhsil Direktorluğu da 1-7-ci siniflərdə şagirdlərin generativ süni intellektə, əsasən, çıxışının olmamasını tövsiyə edib. Norveç hökuməti bu qərarı uşaqların ilk növbədə oxumaq, yazmaq və hesablamaq kimi fundamental bacarıqları mənimsəməsinin vacibliyi ilə əsaslandırıb.
Rəsmi açıqlamada generativ süni intellektdən nəzarətsiz istifadənin şagirdlərin öyrənmə prosesində vacib mərhələləri keçməsinə səbəb ola biləcəyi vurğulanıb. 8-10-cu siniflərdə isə Sİ-dən istifadəyə tam qadağa qoyulmur, lakin bunun tədricən və müəllim nəzarəti altında həyata keçirilməsi nəzərdə tutulur. Yuxarı siniflərdə isə şagirdlərə süni intellektdən düzgün və məqsədəuyğun istifadə öyrədilməlidir.
Çin də məktəblərdə generativ süni intellektdən istifadə ilə bağlı konkret məhdudiyyətlər müəyyənləşdirib. 2025-ci ildə Çinin Təhsil Nazirliyi tərəfindən yayımlanan təlimatda ibtidai sinif şagirdlərinin açıq məzmun yaradan Sİ alətlərindən müstəqil şəkildə istifadə etməsinə yol verilmədiyi bildirilib. Şagirdlər belə texnologiyalardan yalnız müəllim və ya valideyn dəstəyi ilə istifadə edə bilərlər.
Orta məktəb mərhələsində Sİ tərəfindən yaradılan məzmunun məntiqinin təhlilinə, yuxarı siniflərdə isə texnologiya ilə bağlı araşdırma və tədris fəaliyyətlərinə imkan verilir. Çinin yanaşması tam qadağadan daha çox yaşa uyğun və mərhələli istifadə prinsipinə əsaslanır. Maraqlıdır ki, eyni ölkə məktəblərdə süni intellekt savadlılığını da genişləndirir.
Çin Təhsil Nazirliyi 2026-cı ildə ibtidai və orta məktəblər üçün ayrıca Sİ savadlılığı resursları təqdim edib və süni intellektin müxtəlif yaş qruplarında mərhələli şəkildə öyrədilməsini nəzərdə tutub. Birləşmiş Ərəb Əmirliklərində də 2026-cı ildə məktəblərdə generativ süni intellekt üçün yaş məhdudiyyəti tətbiq edilib. Təhsil Nazirliyinin məktəblərdə Sİ-dən təhlükəsiz və məsuliyyətli istifadə qaydalarına əsasən, 13 yaşdan aşağı şagirdlərin və ya 7-ci sinifdən aşağı oxuyanların generativ Sİ alətlərindən istifadəsi qadağan edilib.
"ChatGPT" tipli alətlərə münasibətdə yaş məhdudiyyəti ilə yanaşı, imtahanlarda Sİ-dən istifadəyə də ciddi qadağalar qoyulub. Böyük Britaniyada yanaşma tamamilə fərqlidir. İngiltərə Təhsil Departamenti məktəblər üçün generativ Sİ-dən təhlükəsiz və effektiv istifadə ilə bağlı ayrıca metodiki materiallar hazırlayıb. Hökumətin mövqeyinə görə, süni intellekt təhsildə potensiala malikdir, lakin şəxsi məlumatların qorunması, təhlükəsizlik və müəllim nəzarəti kimi məsələlər nəzərə alınmalıdır.
Avstraliyada da generativ Sİ-nin məktəblərdə tam qadağan edilməsindən söhbət getmir. Ölkənin Təhsil Nazirliyi məsuliyyətli və etik istifadəni tənzimləmək üçün məktəblər üçün xüsusi çərçivə hazırlayıb. Dünyada isə məktəb səviyyəsində daha sərt lokal qərarlar da mövcuddur. Məsələn, ABŞ-nin Nyu-York şəhərində 2026-cı ilin sentyabrından dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin generativ Sİ alətlərindən istifadəsinə bir illik moratorium tətbiq edilib. Bu qərar təxminən 600 min şagirdi əhatə edir.
Yuxarı siniflərdə isə Sİ-dən məhdud və tədris məqsədli istifadə imkanları saxlanılıb. Nyu-Yorkun qərarı ölkə səviyyəsində ABŞ-də süni intellekt qadağası demək deyil. Əksinə, ABŞ-də yanaşma məktəb dairələrinə görə dəyişir və bəzi məktəblər Sİ-dən istifadəyə icazə verdiyi halda, digərləri müəyyən yaş qrupları və tapşırıqlar üzrə qadağalar tətbiq edir. Maraqlıdır ki, “UNESCO”nun məlumatına görə, generativ Sİ məktəblərə daxil olduqdan sonra ölkələrin əksəriyyətində əsas tendensiya tam qadağadan daha çox onun təhlükəsiz, etik və nəzarətli istifadəsini tənzimləmək olub.
Təşkilat 2023-cü ildə məktəb və universitetlərin 10 faizindən də az hissəsinin Sİ ilə bağlı formal siyasət və ya rəhbərliyə malik olduğunu açıqlamışdı. Hazırkı mənzərə göstərir ki, ölkələr süni intellekt məsələsində iki fərqli istiqamətə bölünür: bir qrup məktəblərdə Sİ istifadəsini mümkün qədər gecikdirməyə və xüsusilə kiçik yaşlı uşaqları bu texnologiyadan uzaq tutmağa çalışır, digər qrup isə şagirdləri erkən yaşdan Sİ savadlılığına hazırlamağa üstünlük verir. Mütəxəssislərin əsas müzakirə etdiyi məsələ isə artıq “Sİ məktəbdən tamamilə çıxarılmalıdırmı?” sualından çox, “uşaq hansı yaşda, hansı məqsədlə və hansı nəzarət altında süni intellektdən istifadə etməlidir?” sualına çevrilir.
Firuzə Əliyeva






