30 ildə qızıl nə qədər bahalaşıb? - RƏQƏMLƏR

Qızılın qiyməti son illərdə dünya bazarında sürətlə bahalaşaraq investorların əsas diqqət mərkəzində olan aktivlərdən birinə çevrilib.
Vaxtilə bir troya unsiyası 300 dollardan aşağı qiymətə satılan qızılın dəyəri bu gün minlərlə dollarla ölçülür. Bəs son 20-30 ildə qızılın qiyməti hansı mərhələlərdə kəskin artıb? Ən ucuz və ən baha olduğu dövrlər hansılardır?
Sfera.az xəbər verir ki, son 30 ilə yaxın dövrün qiymət dinamikası qızıl bazarında bir neçə böyük bahalaşma mərhələsinin olduğunu göstərir. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlləri qızılın ən ucuz olduğu dövrlərdən biri olub. 1999-cu ildə bir troya unsiyası qızılın qiyməti təxminən 253 dollar, 2001-ci ildə isə 257 dollar səviyyəsinə qədər düşüb.
2001-ci ildə qızılın illik orta qiyməti isə təxminən 271 dollar təşkil edib. Bu, son 30 ilin ən aşağı illik orta göstəricilərindən biridir. Bundan sonra qızıl uzunmüddətli bahalaşma mərhələsinə daxil olub. 2002-ci ildə illik orta qiymət 310 dollar olduğu halda, 2004-cü ildə 409 dollara, 2006-cı ildə 604 dollara, 2008-ci ildə isə 872 dollara yüksəlib.
Beləliklə, cəmi bir neçə il ərzində qızılın illik orta qiyməti üç dəfədən çox artıb. Qızılın bahalaşmasında 2008-ci ildə başlayan qlobal maliyyə böhranı da mühüm rol oynayıb. Maliyyə bazarlarında qeyri-müəyyənliyin artması investorların daha təhlükəsiz hesab etdikləri aktivlərə yönəlməsini sürətləndirib. 2011-ci il isə qızıl üçün növbəti böyük mərhələ olub. Həmin il qızılın qiyməti tarixində ilk dəfə 1 900 dollar həddinə yaxınlaşıb. Sentyabr ayında qiymət təxminən 1 921 dollar səviyyəsinə yüksələrək o dövr üçün rekord müəyyənləşdirib. Lakin qızılın bahalaşması uzun müddət davam etməyib. 2013-cü ildən etibarən qiymətdə ciddi eniş başlayıb.
2012-ci ildə qızılın illik orta qiyməti təxminən 1 670 dollar olduğu halda, 2013-cü ildə bu göstərici 1 411 dollara düşüb. 2015-ci ildə isə illik orta qiymət 1 161 dollar səviyyəsinə qədər geriləyib. Bundan sonra qızıl yenidən tədricən bahalaşmağa başlayıb.
2016-cı ildə illik orta qiymət 1 249 dollar, 2017-ci ildə 1 258 dollar, 2018-ci ildə 1 269 dollar, 2019-cu ildə isə 1 392 dollar olub. Qızılın növbəti böyük sıçrayışı isə COVID-19 pandemiyası zamanı baş verib. 2020-ci ildə qlobal iqtisadi qeyri-müəyyənliyin artması, faizlərin aşağı salınması və investorların təhlükəsiz aktivlərə marağının yüksəlməsi qızılın qiymətinə ciddi təsir edib. Həmin ilin avqustunda qızılın qiyməti təxminən 2 075 dollara çataraq 2011-ci ilin rekordunu yeniləyib. Sonrakı illərdə qiymət müəyyən qədər sabitləşsə də, 2024-cü ildən etibarən bazarda yeni və daha sürətli yüksəliş mərhələsi başlayıb. 2023-cü ildə qızılın illik orta qiyməti təxminən 1 943 dollar olduğu halda, 2024-cü ildə bu rəqəm 2 388 dollara yüksəlib.
2025-ci ildə isə artım daha da sürətlənib. “World Gold Council”in məlumatına görə, həmin il qızılın orta qiyməti 3 431 dollar civarında olub və qiymət il ərzində dəfələrlə yeni tarixi maksimum müəyyənləşdirib. 2026-cı ildə isə qızıl yeni rekordunu müəyyənləşdirib. İlin əvvəlində qızılın qiyməti 5 500 dolları keçərək təxminən 5 596 dollar səviyyəsinə yüksəlib. Beləliklə, 1999-cu ildə 253 dollar civarında olan qiymətlə müqayisədə qızılın nominal dəyəri 27 il ərzində təxminən 22 dəfə artıb.
Hazırda qızılın qiymətinə geosiyasi risklər, ABŞ dollarının vəziyyəti, faiz dərəcələri, inflyasiya gözləntiləri və mərkəzi bankların qızıl alışları kimi bir sıra amillər təsir edir. Son 30 ilin statistikası göstərir ki, qızılın qiyməti bütün dövrlərdə eyni istiqamətdə hərəkət etməyib. 2011-ci ilin rekordundan sonra olduğu kimi, ciddi enişlər də baş verib. Bununla belə, uzunmüddətli perspektivdə qızılın qiyməti 300 dollar səviyyəsindən 5 500 dollardan yuxarı həddə qədər yüksəlib.
Firuzə Əliyeva






