Dünyanın məşhur sədləri - Onlar nə üçündür?

Finlandiyanın Rusiya ilə sərhəddə 200 kilometr uzunluğunda hasar inşa etməsi dünyanın müxtəlif ölkələrində sərhədlərin qorunması üçün tikilən nəhəng maneələri yenidən gündəmə gətirib.
Bəzi ölkələr bu cür hasarları müharibə və hərbi təhlükədən qorunmaq, digərləri qeyri-qanuni miqrasiya və qaçaqmalçılığın qarşısını almaq, bir sıra dövlətlər isə terror təhlükəsinə qarşı mübarizə aparmaq üçün inşa edib.
Sfera.az xəbər verir ki, Finlandiya-Rusiya sərhədindəki yeni hasarın uzunluğu 200 kilometr, hündürlüyü isə 4,5 metrdir. Hasar kameralar və sensorlarla təchiz olunub. Finlandiyanın Rusiya ilə sərhədinin ümumi uzunluğu təxminən 1 340 kilometr olduğu üçün yeni maneə sərhədin təxminən 15 faizini əhatə edir. Layihənin ilkin dəyəri təxminən 380 milyon avro qiymətləndirilsə də, Finlandiya sərhəd qurumlarının son məlumatlarında yekun xərc 356 milyon avro göstərilir.
Tikintiyə 2023-cü ildə başlanılıb və layihənin başa çatdırılması əvvəl nəzərdə tutulandan daha tez mümkün olub. Finlandiya hökuməti hasarın tikintisini 2022-ci ildən sonra ölkənin təhlükəsizlik mühitinin dəyişməsi ilə əlaqələndirir. Helsinki Rusiyanı hibrid fəaliyyətlərdə, o cümlədən miqrasiya axınlarından siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib. Rusiya isə bu yanaşmanı qəbul etmir. Amma dünyada ən uzun sərhəd hasarı Finlandiyada deyil.
Əgər söhbət müasir dövrdə dövlətlərarası sərhədlərdə inşa edilmiş ən uzun fiziki maneələrdən gedirsə, Hindistan-Banqladeş sərhədi xüsusi diqqət çəkir. Hindistanın Banqladeşlə sərhədinin ümumi uzunluğu 4 096,7 kilometrdir. 2025-ci ilin məlumatına görə, bunun 3 232 kilometrdən çox hissəsi fiziki hasarla örtülüb. Hindistan hakimiyyəti bu sistemin əsas məqsədləri kimi sərhədyanı cinayətkarlıq, qaçaqmalçılıq, insan alveri və qeyri-qanuni keçidlərin qarşısının alınmasını göstərir.
Sərhəd maneələrindən danışarkən dünyanın ən məşhur nümunəsini - Çin səddini xatırlamamaq mümkün deyil. Çin səddinin müxtəlif dövrlərdə inşa edilmiş hissələrinin ümumi uzunluğu 20 min kilometrdən çoxdur. “UNESCO”nun məlumatına görə, onun müxtəlif hissələri eramızdan əvvəl III əsrdən başlayaraq XVII əsrə qədər inşa edilib və genişləndirilib. Səddin əsas məqsədi Çinin şimal sərhədlərini köçəri tayfaların hücumlarından qorumaq olub. Lakin bu nəhəng qurğu yalnız müdafiə xətti deyildi. Qüllələr, keçidlər və hərbi məntəqələr vasitəsilə sərhəd nəzarəti, ticarət yollarının izlənməsi və hərbi qüvvələrin hərəkəti də təmin edilirdi. Yəni tarixdə sərhəd hasarının ən klassik funksiyası olan düşmənin ölkəyə daxil olmasının qarşısını almaq məhz burada özünü göstərirdi.
Dünyanın ən məşhur sərhəd maneələrindən biri isə Berlin divarıdır. Onun məqsədi xarici ordunun hücumunu dayandırmaq deyildi. 1961-ci il avqustun 13-də Şərqi Almaniya hakimiyyəti Qərbi Berlinlə Şərqi Berlin arasındakı keçidi bağladı və sonradan beton divardan, hasarlardan, müşahidə qüllələrindən və digər maneələrdən ibarət kompleks sərhəd sistemi yaradıldı. Divarın əsas məqsədi Şərqi Almaniya vətəndaşlarının Qərbə qaçmasının qarşısını almaq idi. Berlin divarı 28 ildən çox mövcud oldu və 1989-cu ildə söküldü. Beləliklə, Çin səddi xarici təhlükədən qorunmaq, Berlin divarı isə öz vətəndaşlarının ölkədən çıxmasının qarşısını almaq üçün tikilmiş ən məşhur nümunələrdəndir.
Müasir sərhəd maneələri isə getdikcə daha çox texnologiya ilə birləşdirilir.
İsrailin Qəzza zolağı ilə sərhədində 2021-ci ildə tamamlanan sistemin bəzi yerüstü beton hissələri 10 metr hündürlüyə çatır. Təxminən 65 kilometr uzunluğunda olan layihəyə yerüstü maneə ilə yanaşı, yeraltı tunellərə qarşı xüsusi konstruksiya, radarlar, kameralar və sensorlar daxildir. Layihənin dəyəri təxminən 1,1 milyard dollar olub və tikintisi üç ildən çox davam edib. Bu nümunə göstərir ki, müasir sərhəd hasarı artıq sadəcə dəmir və beton konstruksiya deyil. Onun arxasında bütöv müşahidə və aşkarlama sistemi qurulur. Sərhəd maneələrinin qiyməti də son illərdə sürətlə artır. Bunun əsas səbəbi hasarın özündən daha çox onun üzərində quraşdırılan texnologiyalardır. Hazırda İsrailin İordaniya istiqamətində qurduğu çoxqatlı sərhəd təhlükəsizlik sisteminin dəyəri təxminən 1,7 milyard dollar qiymətləndirilir.
Layihənin ümumi uzunluğu təxminən 500 kilometr nəzərdə tutulub. Burada fiziki hasarla yanaşı radarlar, kameralar, sensorlar və rabitə sistemləri də yerləşdirilir. İsrail tərəfi layihəni silah qaçaqmalçılığı, silahlı şəxslərin keçidi və digər təhlükələrin qarşısını almaq məqsədi daşıyan “ağıllı sərhəd” sistemi kimi təqdim edir.
Hasarlar niyə bu qədər artır?
Dünyadakı sərhəd maneələrinin tarixçəsinə baxdıqda onların səbəblərinin müxtəlif olduğu görünür. Çin səddi hərbi müdafiə məqsədi daşıyırdı. Berlin divarı siyasi və ideoloji parçalanmanın simvoluna çevrildi. Hindistan-Banqladeş sərhədində əsas mövzular qeyri-qanuni keçid, qaçaqmalçılıq və insan alveridir. İsrailin müxtəlif sərhədlərində isə terror, silah qaçaqmalçılığı və qeyri-qanuni keçid təhlükələri ön plana çıxır.
Avropada isə son illərdə başqa faktor da ortaya çıxıb – miqrasiya axınlarının və sərhəd keçidlərinin təhlükəsizlik aləti kimi istifadə olunması qorxusu. Beləliklə, Finlandiyanın Rusiya sərhədində 200 kilometrlik hasar çəkməsi sadəcə yeni bir beton və metal konstruksiyanın tikilməsi deyil. Bu, son illərdə dünyada müşahidə olunan daha geniş tendensiyanın - dövlətlərin sərhədlərini fiziki və texnoloji vasitələrlə daha sərt şəkildə qorumağa başlamasının yeni nümunəsidir.
Maraqlıdır ki, XXI əsrdə peyklərin, dronların, radarların və süni intellekt əsaslı müşahidə sistemlərinin inkişafına baxmayaraq, dövlətlər hələ də fiziki sərhəd maneələrindən imtina etmirlər. Əksinə, yeni nəsil hasarlar artıq kameralar, sensorlar, radarlar və digər texnologiyalarla birlikdə qurulur. Yəni qədim dövrdə səddin üzərində dayanan keşikçinin yerini bu gün kamera və sensorlar tutsa da, sərhədi fiziki şəkildə bağlamaq ideyası hələ də dəyişməyib.
Azərbaycanın sərhədlərində vəziyyət necədir?
Sərhədlərin fiziki maneələrlə qorunması Azərbaycana da tamamilə yad deyil. Azərbaycan xüsusilə Ermənistan və İranla dövlət sərhədinin təhlükəsizliyinin təmin olunması üçün mühəndis-istehkam qurğularından, sərhəd nəzarət sistemlərindən, müşahidə vasitələrindən və digər texniki imkanlardan istifadə edir. Azərbaycan-Ermənistan sərhədində 2020-ci il Vətən müharibəsindən sonra sərhəd təhlükəsizliyi məsələsi xüsusilə aktuallaşıb. Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd zastavalarının və hərbi infrastrukturun yenilənməsi, yeni sərhəd məntəqələrinin yaradılması və ərazilərin mühəndis baxımından möhkəmləndirilməsi istiqamətində işlər aparılıb.
Azərbaycan-İran sərhədində isə fiziki maneələrlə yanaşı, sərhəd pozuntularının, qaçaqmalçılığın və qeyri-qanuni keçidlərin qarşısının alınması üçün texniki müşahidə sistemlərindən istifadə olunur. Lakin Azərbaycan nümunəsi Finlandiyanın Rusiya ilə sərhəddə inşa etdiyi hasardan müəyyən mənada fərqlənir. Finlandiyanın hazırkı layihəsi əsasən yeni təhlükəsizlik reallıqları və Rusiyadan gələ biləcək hibrid təhdidlər fonunda sərhədin müəyyən hissələrinin fiziki şəkildə bağlanmasına yönəlib.
Azərbaycanda isə sərhəd təhlükəsizliyi daha geniş hərbi, mühəndis və texnoloji sistemin tərkibində həyata keçirilir. Bu baxımdan dünyada sərhəd hasarlarının tikilməsi vahid məqsədlə izah olunmur. Bir ölkədə əsas səbəb müharibə təhlükəsi, digərində qeyri-qanuni miqrasiya, başqa bir dövlətdə qaçaqmalçılıq, terror və ya hibrid təhdidlər ola bilər. Azərbaycanda isə xüsusilə Ermənistanla sərhədin təhlükəsizliyi hərbi-siyasi amillərlə yanaşı, ərazilərin minalardan təmizlənməsi və sərhəd infrastrukturunun yenidən qurulması prosesi ilə də əlaqəlidir.
Firuzə Əliyeva






