Avropa qoşunları Ukraynada yerləşsə, müharibə genişlənəcək? - AÇIQLAMA

Avropa qoşunları Ukraynada yerləşsə, müharibə genişlənəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin hərbi kontingentinin Ukraynaya yerləşdirilməsinin Rusiya ilə birbaşa hərbi qarşıdurma anlamına gələcəyini bildirib.

Bu açıqlama Avropa ölkələrinin Ukraynaya mümkün hərbi dəstəyi və müharibədən sonra təhlükəsizlik təminatları ilə bağlı müzakirələrin fonunda səslənib.

“Hazırda onlar Ukrayna ərazisinə qoşun yeritmək barədə düşündüklərini deyirlər. Bu, Rusiya ilə müharibə deməkdir”, – deyə Putin bildirib.

Avropa ölkələrinin hərbi kontingentinin Ukraynaya yerləşdirilməsi həqiqətən Rusiya ilə birbaşa hərbi qarşıdurmaya səbəb ola bilərmi? Moskvanın bu mövqeyi Avropa ölkələrinin Ukraynaya hərbi dəstək və təhlükəsizlik zəmanətləri ilə bağlı planlarına təsir göstərə bilərmi?

Sfera.az-a bu haqda açıqlama verən ukraynalı politoloq Maksim Yali Rusiyanın bu cür bəyanatlarının Ukraynaya hərbi və maliyyə dəstəyi göstərən Avropa ölkələri liderlərinin mövqeyinə təsir etmək cəhdləri olduğunu bildirib.

O, bu məsələnin müharibənin başa çatması ilə bağlı gələcək danışıqlar və razılaşmalar kontekstində olduğunu açıqlayıb:

“Məlum olduğu kimi, Ukrayna təhlükəsizlik zəmanətlərindən birinin Avropa İttifaqı qoşunlarının ölkədə yerləşdirilməsi olmasında təkid edir. Çünki Amerika artıq bundan imtina edib. Müvafiq olaraq, Prezident Zelenskinin Fransa, Böyük Britaniya və Almaniya liderləri ilə danışıqları zamanı bu məsələ ilə bağlı müzakirələr aparılırdı və müəyyən razılıqlar əldə olunmuşdu. Hazırda isə danışıqlar, xüsusilə də üçtərəfli formatda mümkün görüşlər üçün yeni imkanlar pəncərəsi açılıb. Vladimir Putinin bu mövqeyi məhz Avropa ölkələrindəki ictimai rəyə təsir göstərməyə yönəlib. Xüsusilə Almaniyada keçirilən regional seçkilər fonunda bu məqam diqqət çəkir. Belə ki, Rusiya ilə münasibətlərin bərpası və Ukraynaya yardımın dayandırılması tərəfdarı kimi çıxış edən “Almaniya üçün Alternativ” partiyası qələbə qazanıb. Lakin təbii ki, bu cür bəyanatlar liderlərə, hər halda Fransa, Almaniya və Böyük Britaniyanın indiki liderlərinə təsir edə bilməyəcək. Çox güman ki, bu, dediyim kimi, ictimai rəyə təsir etmək cəhdidir”.

Politoloq hərbi kontingentlərin yerləşdirilməsinin yalnız atəşkəs rejimi əldə olunduqdan sonra baş tuta biləcəyini də vurğulayıb:

“Buna görə də indidən bu barədə bəyanat vermək və mühakimə yürütmək tezdir. Lakin hər bir halda, bu, yalnız həmin ölkələrlə deyil, həm də NATO bloku ilə hərbi toqquşmaya gətirib çıxara bilər. Buna görə də mən bunları reallıqdan uzaq olan hədələr hesab edirəm. Bu cür bəyanatlar Avropa ölkələrinin mövqeyinə təsir etməyəcək. Çünki, birincisi, Rusiyanın dondurulmuş aktivlərinin zəmanəti altında Ukraynaya iki il müddətinə 90 milyard avroluq hərbi və maliyyə dəstəyinin göstərilməsi ilə bağlı artıq qərarlar qəbul edilib. Müvafiq olaraq, biz artıq bu yardımı göstəririk. Buna görə də Avropa İttifaqının əsas ölkələrindəki indiki liderlər hakimiyyətdə olduğu müddətdə bu cür bəyanatların onların Ukraynaya hərbi və maliyyə yardımı göstərmək qətiyyətinə hansısa formada təsir edə bilməyəcək. Gələn il Fransa da daxil olmaqla bir sıra əsas Avropa ölkələrində prezident seçkiləri, digər ölkələrdə isə parlament seçkiləri keçiriləcək. Bu, mövcud konfiqurasiyanı və Ukraynaya yardımın göstərilməsini dəyişə bilər. Görünür, Putin də bu cür bəyanatlar verərkən belə bir hesablama aparır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR