Məktəblilərdə bel ağrısının əsas səbəbi bəlli oldu — Mütəxəssislərdən XƏBƏRDARLIQ

Məktəb dövrü şagirdlərin həm fiziki, həm də zehni inkişafı baxımından mühüm mərhələdir. Bu dövrdə uşaqların daşıdığı məktəb çantaları onların sağlam böyüməsində böyük rol oynayır.
Sfera.az xəbər verir ki, yanlış çanta seçimi və istifadəsinin uşaqların onurğa sağlamlığına ciddi zərər vurduğunu bildirən otopediya və travmatologiya mütəxəssisi dosent dr. Gökhan Cansabuncu tədris ilinin başlaması ərəfəsində valideynlərə xəbərdarlıq edib.
Mütəxəssis qeyd edib ki, uşaqlarda bel və kürək nahiyəsindəki ağrılar erkən görünə bilər, lakin bel ağrısının rastgəlmə tezliyi 9–66 faiz arasında dəyişir. Yeni araşdırmalar bu göstəricinin əvvəlki illərlə müqayisədə artdığını göstərir.
Uşaqlıq dövründə kürək ağrısının ən çox müşahidə olunduğu yer bel nahiyəsidir. Ağrıların tezliyi uşağın yaşından və aktivlik səviyyəsindən asılı olaraq dəyişir. Xüsusilə məşğul olunan idman növü bel ağrısı riskini artıra bilər. Uşaqlarda bu ağrılar duruş pozğunluğu, əzələ gərginliyi, onurğa əyriliyi, infeksiya və ya şiş kimi səbəblərdən qaynaqlana bilər.
Bundan əlavə, uzun müddət televizora baxmaq, kompyuter arxasında əyləşmək və az hərəkətli həyat tərzi də əsas amillərdəndir. Tədris dövründə yanlış və ağır çanta istifadəsi də çiyin, kürək və bel ağrılarına yol açır.
Ağır çantaların çiyin, boyun və bel əzələlərində spazm yaratdığını vurğulayan G. Cansabuncu bildirib ki, çantanın tək çiyində və ya yan asqı ilə daşınması onurğada balansın pozulmasına gətirib çıxarır.
Ağrılardan qorunmaq üçün çantanın çəkisi mümkün qədər azaldılmalı, ağır əşyalar çantanın belə yaxın hissəsinə yerləşdirilməlidir. Məktəb çantası mütləq uşağın yaşına və boyuna uyğun seçilməli, hər iki çiyindən asılmalıdır. Çiyin asqıları kifayət qədər enli və yumşaq olmalı, mümkünsə beli dəstəkləyən kəməri olan modellərə üstünlük verilməlidir. Kiçikyaşlı uşaqlar üçün təkərli çanta modelləri seçilməlidir.
Həkim əlavə edib ki, uşaqlarda başlayan bel ağrıları fiziki müayinə ilə təyin edilib nəzarətdə saxlanıla bilər. Vaxtında diaqnoz qoymaq üçün simptomlar düzgün qiymətləndirilməli və digər xəstəliklər istisna edilməlidir.
Mənsumə






