Moskvada 210-dan çox uçuş ləğv edildi – Sərnişinlər saatlarla gözləyir
Rusiyanın paytaxtı Moskvanın hava limanlarında 210-dan çox reys təxirə salınıb və ya ləğv edilib.
Sfera.az xəbər verir ki, bu barədə “Ostorojno, Moskva” teleqram kanalına istinadən xarici media məlumat yayıb.
Ən ciddi problemlər Şeremetyevo hava limanında qeydə alınıb. Burada 65 gediş və 106 gəliş reysi üzrə uçuş cədvəlində dəyişiklik edilib. Sərnişinlərin sözlərinə görə, bəziləri səhər saat 06:00-dan etibarən hava limanında gözləməli olublar.
Sərnişinlər uçuşların davamlı təxirə salınmasından və ləğvindən narazılıq edirlər. Onların bildirdiyinə görə, hava limanlarının bağlanması ilə bağlı rəsmi məlumat verilməsə də, uçuşlarda ciddi gecikmələr yaşanır.
Vnukovo hava limanında da vəziyyət gərgin olaraq qalır. Burada təxminən 40 reysin cədvəlində dəyişiklik edilib.
Domodedovo hava limanında isə texniki problemlər yaranıb. Hava limanının rəsmi internet səhifəsinə və onlayn uçuş tablosuna daxil olmaqda çətinliklər yaşanıb.
Məlumatlara görə, Moskva hava limanlarındakı fasilələr Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumları fonunda baş verib. Şeremetyevo hava limanı isə hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər səbəbindən dəyişdirilmiş qrafiklə fəaliyyət göstərdiyini açıqlayıb.
Altay
Sfera.az






