Emin Əmrullayev: “Ən böyük problemimiz oxuyub-anlamaqdır”

Oxu savadlılığı üzrə müəyyən müsbət dinamika müşahidə edilsə də, şagirdlərin oxuduğunu anlama bacarığı Azərbaycan təhsilində əsas problemlərdən biri olaraq qalır.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib. Nazir bildirib ki, oxu savadlılığı üzrə yüksək nəticə göstərən şagirdlərin payında artım var.
Onun sözlərinə görə, yüksək nəticə göstərənlərin payı ölkə üzrə 0,2 faizə, Bakı üzrə isə 1,2 faizə yüksəlib. E.Əmrullayev bu dinamikanı müsbət qiymətləndirsə də, aşağı nəticə göstərən şagirdlərin payının hələ də yüksək olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, əsas hədəflərdən biri məhz aşağı nəticə göstərən şagirdlərin sayını azaltmaqdır. Nazir PISA nəticələrində şagirdlərin oxu bacarıqlarının müxtəlif səviyyələr üzrə necə fərqləndiyini də izah edib. Onun sözlərinə görə, ən aşağı səviyyədə olan şagirdlər oxuduqları mətnin əsas ideyasını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Belə şagirdlər əsas fikirlə detalları qarışdırır, mətnin nədən bəhs etdiyini düzgün müəyyənləşdirə bilmir və bəzən mətndə verilən faktları da yanlış anlayırlar.
“Qırmızı o deməkdir ki, oxuduğu mətndə əsas ideyanı tuta bilmir. Məsələn, əsas ideya ilə detalları qarışdırır. Başa düşmür ki, mətnin əsas fikri nə idi, detal nə idi. Detaldan başlayır danışmağa, əsas fikri başa düşmür. Və yaxud da faktları anlamır. Məsələn, mətndə bir şey deyilir, o oxuyanda başqa şey başa düşür və sonra o barədə danışır. Ən böyük qırmızı odur”, – deyə E.Əmrullayev bildirib.
Nazir qeyd edib ki, növbəti səviyyədə olan şagirdlər mətndəki faktları başa düşə bilsələr də, mətnaltı və dolayı məlumatları müəyyənləşdirməkdə çətinlik çəkirlər.
“24 faiz olan, yəni açıq mavi rəngdə olan, bu o deməkdir ki, bu faktları başa düşür, amma mətnin hansısa daha çox faktual oxuyub-anlaması yerindədir, mətnaltı məlumatları başa düşmür, dolayısı fikirləri başa düşmür və s.”, – deyə nazir açıqlayıb.
E.Əmrullayev daha yüksək səviyyələrə keçdikcə şagirdlərdən artıq təkcə mətndəki məlumatı anlamağın deyil, həmin məlumat əsasında mühakimə yürütməyin də tələb olunduğunu bildirib. Nazirin sözlərinə görə, şagird oxuduğu mətndə birbaşa qeyd edilməyən nəticələri müəyyənləşdirməyi bacarmalıdır. Məsələn, mətndə iki şəxsin münasibəti haqqında məlumat verilir və şagird həmin məlumat əsasında onların dost, yoxsa düşmən münasibətində olduğunu özü müəyyən etməlidir. Nazir bildirib ki, bu mərhələdə artıq şagirdin oxuduğu məlumat əsasında nəticə çıxarma və mühakimə yürütmə bacarığı ön plana çıxır.
E.Əmrullayev oxu və oxuduğunu anlama bacarığının digər fənlər üzrə nəticələrə də birbaşa təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, şagird mətni düzgün anlamadıqda riyaziyyat və digər fənlər üzrə verilən tapşırıqları yerinə yetirməkdə də çətinlik çəkir. “Oxu və oxuduğunu anlama bacarığının zəif olması digər fənlər üzrə nəticələrə də birbaşa təsir göstərir. Oxuyub-anlamaq barədə bizim hələ ki, ciddi problemimiz var və bu, birbaşa bizə digər fənlərdə mane olur”, – deyə nazir əlavə edib.
Nazir təhsil nəticələrinin yaxşılaşdırılmasının uzunmüddətli proses olduğunu bildirib. O, həyata keçirilən islahatların nəticələrinin tam şəkildə görünməsi üçün müəyyən zaman tələb olunduğunu qeyd edib. E.Əmrullayev müəllimlərin sertifikatlaşdırılmasının gələcək nəticələrə təsir göstərəcəyini də vurğulayıb. “Biz sertifikasiyanın gücünə inanırıq və bu günlər üçün çox inamlıyıq. Çünki sertifikasiya ilk dəfə olaraq təhsildə bütün müəllim heyətimizi əhatə edən prosesdir”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, sertifikatlaşdırmanın tədrisə təsirinin PISA nəticələrində tam şəkildə özünü göstərməsi üçün 2030–2035-ci illərə qədər gözləmək lazım gələ bilər.
Firuzə Əliyeva






