"İbtidai təhsildə görülən işlərin nəticəsini 10 il sonra görəcəyik"

Azərbaycanda bölgələr üzrə PISA nəticələrindəki fərqlərin səbəbləri açıqlanıb.
Elm və təhsil naziri Emin Əmrullayev əsas problemlərdən birinin regionlarda ibtidai və məktəbəqədər təhsilin keyfiyyəti ilə bağlı olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı deyib. Nazir bildirib ki, aşağı nəticələrdə artım daha sürətli baş verə bilər. Lakin yüksək ballara çatdıqca əlavə irəliləyiş əldə etmək çətinləşir.
“400 baldan 450-yə qalxmaq daha çətindir, nəinki 350-dən 400-ə. Yuxarılarda olmaq daha çətindir”, – deyə o qeyd edib.
Emin Əmrullayev regionlardakı nəticələrin aşağı olmasını ilk növbədə ibtidai təhsilin keyfiyyəti ilə əlaqələndirib. “Region məsələsini mən birmənalı olaraq ibtidai təhsilin keyfiyyətində görürəm. Bir çox bölgələrimizdə ibtidai təhsilin keyfiyyəti ənənəvi olaraq aşağı olub”, – nazir bildirib.
Onun sözlərinə görə, məktəbəqədər təhsilin əhatəliliyi də nəticələrə təsir edir. Kiçik kəndlərdə azsaylı şagirdlərlə təhsilin təşkili isə əlavə çətinlik yaradır. Nazir həmçinin valideynlərin, xüsusilə anaların təhsil səviyyəsinin də bu göstəricilərə təsir edə biləcəyini deyib. “Sertifikasiyadan öyrəndiklərimiz göstərir ki, bir çox bölgələrimizdə ibtidai təhsilin vəziyyəti acınacaqlıdır. İbtidai təhsil zəifdirsə, onun üzərində heç nə qura bilməzsiniz”, –
Emin Əmrullayev vurğulayıb.
O, riyaziyyat müəllimlərinin sertifikatlaşdırılmasında 50 faizdən çox iştirakçının yüksək nəticə göstərdiyini, 35 faizinin isə ən yüksək qiymət aldığını bildirib. Nazirin sözlərinə görə, ibtidai təhsildə hazırda görülən işlərin nəticəsi yaxın illərdə deyil, təxminən 10 il sonra daha aydın görünəcək.
Firuzə Əliyeva






