Emin Əmrullayev: "Oxu bacarığını təhqir kimi qəbul edirlər"

“Oxu bacarığından danışanda cəmiyyət bunu özünə qarşı təhqir kimi qəbul edir”.
Sfera.az xəbər verir ki, PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda imtahan yönümlü təhsilin oxu savadlılığına təsiri ilə bağlı suala cavabında deyib.
Nazir xüsusilə oxunun ayrıca bacarıq kimi qəbul edilməsinə cəmiyyətin yanaşmasına diqqət çəkib. “Biz ümumiyyətlə oxunu hələ bir sahə kimi qəbul da etmirik. Sən deyəndə ki, oxu keçmirik, adamların yanaşması bundan ibarətdir ki, bu, Vətənə xəyanətdir. Deyirəm, yox, bizim PISA nəticələrimiz aşağıdır”, – Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, dərsliklərdə oxu bacarığının inkişafına yönəlmiş məzmun artırıldıqda da buna bəzən yanlış yanaşılır. “Dərslikdə də bir az cəhd eləyib nəsə salanda, bütün cəmiyyət bunu sanki özünə qarşı, belə deyək, təhqir kimi qəbul edir. Problem budur, mən bunu izah etmək istəyirəm”, -nazir vurğulayıb. Nazir əlavə edib ki, oxu savadlılığının yaxşılaşdırılması yalnız imtahanların dəyişdirilməsi ilə mümkün deyil. Bunun üçün tədrisin məzmunu, metodika və qiymətləndirmə sistemi birlikdə yenilənməlidir.
“Bizim Azərbaycan dili ilə problemimiz yoxdur. Biz deyirik ki, oxu özü ayrıca bir bacarıqdır və biz o bacarığın tədrisini bu gün ölkə olaraq, təhsil sistemi olaraq yaxşı edə bilmirik”,– Emin Əmrullayev qeyd edib.
Onun sözlərinə görə, nəticələrin yaxşılaşması uzunmüddətli prosesdir və bunun effektini yaxın illərdə deyil, daha sonrakı PISA qiymətləndirmələrində görmək mümkün olacaq.
“Bu, sabah düzəlməyəcək. Bunu ibtidaidən, hətta məktəbəqədərdən başlamaq və yavaş-yavaş uşağı ora doğru aparmaq lazımdır. Biz indi başlamışıq. Ümid edirik ki, 2029-cu ildə görək nə görsək, deyəcəyik ki, hə, bu işlədi, yoxsa işləmədi. İndi mən də bilmirəm”, – deyə nazir bildirib.
Firuzə Əliyeva






